“Bu il “Bakı”nın və şəxsən mənim məqsədim 1-ci olmaqdır”
02.08.2011 - 08:55
“Bu il “Bakı”nın və şəxsən mənim məqsədim 1-ci olmaqdır”
“Yeni mövsümə ciddi hazırlaşmışıq. Sloveniyada keçirdiyimiz yoldaşlıq görüşlərində qələbə qazana bilməsək də, bu, önəmli deyil. Əsas məqsəd fiziki və taktiki hazırlığımızın səviyyəsinin yüksəlməsidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu İbrahim Karqbo klubunun rəsmi saytına açıqlamasında deyib. Syerra-Leone milli komandasının üzvü olan yarımmüdafiəçi “zolaqlılar”ın növbəti mövsümə hazırlığı, Sloveniyada təlim-məşq toplanışlarında keçirdiyi oyunlar haqda fikirlərini bildirib: “Hər bir oyuna qələbə qazanmaq üçün çıxmaq lazımdır. Bununla belə, yoldaşlıq görüşləri komandanın zəif cəhətlərini təyin etmək baxımından önəmlidir. Xatırlıyırsınızsa, keçən il təlim-məşq toplanışı zamanı keçirdiyimiz yoldaşlıq görüşlərində qələbələr qazanmağımıza baxmayaraq, bütövlükdə uğursuz bir mövsüm keçirdik. İnanıram ki, bu il tam tərsi olacaq və yoldaşlıq görüşlərində məğlub olsaq da, çempionatda uğurlu çıxış edəcəyik”.

“Bakı”nı növbəti çempionatımızın ilk turunda çətin sınaq gözləyir. Latviyalı Aleksandr Starkovun çalışdırdığı komanda mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Qəbələ”nin qonağı olacaq. Kaqrbo heyətinin xeyli gücləndirən rəqibdə baş məşqçi amilini qeyd edib: “Qəbələ”nin Toni Adams kimi baş məşqçisi var. Bu il onlar da uğurlara imza atmaq istəyirlər. Bu mövsüm komandamızın və şəxsən mənim əsas məqsədim birinci olmaqdır. Bir neçə gündən sonra çempionatın startı verilir. İlk turda qarşılaşacağımız “Qəbələ” yaxşı komandadır. Hər iki komanda yeni qurulub, rəqibin oyunu görməmişəm. Bu səbəbdən oyunun necə keçəcəyini deməkdə çətinlik çəkirəm. Sonda üzümü azarkeşlərimizə tutub, demək istərdim ki, uğursuzluqları unudub, irəli baxsınlar. Hər oyun komanda ilə birlikdə olub, qələbələrimizə şahid olsunlar. Mən inanıram ki, onları sevindirməyi bacaracağıq”.

Qeyd edək ki, “Qəbələ” – “Bakı” oyunu avqustun 7-də keçiriləcək.