İqor Mitreski: Oyun hər 2 komanda üçün çətin keçəcək
02.08.2011 - 11:00
İqor Mitreski: Oyun hər 2 komanda üçün çətin keçəcək
"Zədəm sağalmaq üzrədir. Fikrimcə, bir neçə gündən sonra komanda ilə məşqlərə qoşula biləcəyəm. Hazırda yalnız fərdi məşqlərlə kifayətlənirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə iyulun 13-də səfərdə keçirilən oyunun hələ ilk hissəsində zədələnərək, meydanı tərk edən müdafiəçi bundan sonra yaşıl meydandan kənarda qalıb.

Mitreski bu səbəbdən milli komandasının Azərbaycan yığması ilə avqustun 10-da Bakıda keçiriləcək yoldaşlıq görüşündə iştirak edə bilməyəcək: “Makedoniya milli komandasına dəvət olunsam da, təəssüf ki, zədə üzündən meydana çıxa bilməyəcəyəm. Məncə, Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək. Bununla belə, azarkeşlərin maraqlı oyunun şahidi olacaqlarına inanıram".