Əmrə Belozoğlu şübhəli şəxs qismində istintaqa çağırılıb
02.08.2011 - 12:28
Əmrə Belozoğlu şübhəli şəxs qismində istintaqa çağırılıb
Bakı-APA. Türkiyədə futbol oyunlarının nəticəsinin razılaşdırılması qalmaqalı ilə bağlı araşdırma davam edir. APA-nın məlumatına görə, bu gün “Fənərbaxça” klubunun mərkəz yarımmüdafiəçisi Əmrə Belozoğlu və “Beşiktaş” klubunun sabiq rəhbərlərindən biri, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin şübhəli şəxs qismində ifadə vermək üçün istintaqa çağırılıb.

Hər iki şəxsin haqqında həbs qətimkan tədbiri görülüb-görülməməsinə istintaq başa çatdıqdan sonra qərar veriləcək.

Əmrə “Ankaragücü” - “Fənərbaxça” oyunundan əvvəl rəqib futbolçu Kaan Söyleümezgillere göndərilən telefon mesajı ilə bağlı ifadə verəcəyi gözlənilir. Bu gün Kaan Söyleümezgillerin də istintaqa çağırılması nəzərdə tutulur.