“Bakı” Jabanın transfer vərəqəsini vermək istəmir
02.08.2011 - 14:11
“Bakı” Jabanın transfer vərəqəsini vermək istəmir
Braziliyalı futbolçu Jabanın "Bakı" klubunda oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkovsla yanaşı, rəhbərlik də 30 yaşlı futbolçunun klubda qalmasını istəmir.

Lakin hazırda vətəni Braziliyada hamilə həyat yoldaşının yanında olan forvardın klubla 1 illik müqaviləsi qüvvədədir. Bu mənada, "Bakı" rəhbərliyi Jabanın transfer vərəqəsini qarşılıqsız vermək istəmir. Jabanın məsələsi ilə hər hansı menecer yox, birbaşa klubun vitse-prezidenti Zeynal Məmmədov özü məşğul olur.

Qeyd edək ki, Jaba Qyoko Haciyevskinin dönəmində Azərbaycana gəlmişdi. Türkiyə Superliqasında oynamış futbolçu həmin dönəmdə "Bakı"nın ən çox maaş alan futbolçusu sayılırdı.