Ronaldo dünyanın bombardiridir
03.08.2011 - 10:10
Ronaldo dünyanın bombardiridir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən mövsüm yüksək liqalarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo dünyanın bombardiridir. Dünyanın ən bahalı futbolçusu ötən mövsüm 32 oyunda 40 qol vurub.

Son illərdə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messi 31 oyunda 31 dəfə fərqlənib. İlk üçlüyü “Bavariya”nın və Almaniya milli komandasının hücumçusu Mario Qomes qapayır – 32 oyunda 28 qol. Ötən mövsüm Türkiyə Superliqasının bombardiri olan braziliyalı Aleks də 28 qol vurub. Ancaq “Fənərbaxça”nın kapitanı Qomesdən 1 oyun çox keçirdiyinə görə 4-dür.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya vurduğu 17 qolla oldu. Ancaq həm İFFHS-in 45 nəfərlik siyahısına ən azı 20 qol vuran futbolçular düşdüyündən, həm də Premyer Liqamızın reytinqi dünyada aşağı olduğundan, ən sərrast oyunçumuz kənarda qalıb.