Dodo: Qəbələdə gözlərimə inanmadım
03.08.2011 - 13:48
Dodo: Qəbələdə gözlərimə inanmadım
“Bura gələnə qədər ölkəniz haqda heç nə bilmirdim. Təklif aldıqdan dərhal sonra internet vasitəsilə Azərbaycan barədə müəyyən bilgilər əldə etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun yeni transferi Dodo deyib.

Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan və bu səbəbdən heyətini gücləndirməyə çalışan əyalət təmsilçisinin anlaşdığı futbolçulardan olan Dodo artıq nəyə qadir olduğunu yerli publikaya da göstərib. I “Jalə” beynəlxalq turnirində “Spartak”a qarşı çıxış edən futbolçuya baş məşqçi Toni Adams yarımmüdafiənin sol cinahında şans verib.

Ölkəmizə gəlişi barədə danışan braziliyalı yarımmüdafiəçi Qəbələdə gördüklərindən şoka düşdüyünü deyib: “Xorvatiyalı menecerim vasitəsilə ölkənizə gəldim. Açığı “Qəbələ”nin bazası barədə məlumatım yox idi. Ancaq burda gördüklərim mənim üçün xoş sürpriz oldu”.

Məşq meydanları, eləcə də, oyun keçirmək üçün stadionun təbii örtüyünün standartlara cavab verməsindən məmnun olduğunu vurğulayan Dodo komanda yoldaşlarından da razılığını bildirib: “Həqiqətən də gözlərimə inanmadım. Əla meydançalarımız var. Klub üçün belə şəraitin yaradıldığını düşünmürdüm. Komanda yoldaşlarım haqda da xoş sözlər söyləyə bilərəm. Onlar hamısı yüksək səviyyəli futbolçulardır”.

Braziliyalı futbolçu klub rəhbərliyinin istəyi ilə tanış olduqlarını və bunun öhdəsindən gələ biləcək gücdə olduqlarını qeyd edib: “Bilirəm ki, Azərbaycanda çoxlu braziliyalı futbolçular var. Onlardan yalnız komanda yoldaşım Bruno da Silva ilə tanışam. Ondan çempionatınız barədə müəyyən məlumatlar əldə etmişəm. Məqsədimizə çatacağımıza inanıram”.

Futbolçu İngiltərədə yaxşı hazırlıq keçdiklərini, ancaq “Jalə” turnirində uğursuzluqla üzləşmələrinin səbəbini də izah edib: “İngiltərədə yaxşı toplanış və yoldaşlıq oyunları keçirdik. Ordan sonra Qəbələyə gəldik. Təbii ki, birdən-birə uyğunlaşmaq mümkün deyil. Əvvəla 4 saatlıq fərq var, digər yandan orda havanın hərarəti +20 dərəcəyə bərabər idi, ancaq Qəbələdə bu rəqəm +42 dərəcəyə yaxındır. Fiziki hazırlığımız da yaxşıdır”.