Mərdəkanda təbliğat xarakterli futbol turniri
03.08.2011 - 14:08
Mərdəkanda təbliğat xarakterli futbol turniri
Azərbaycanda 2012-ci il London Olimpiadasına təbliğ xarakterli turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi gələn il Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarını ölkəmizdə təbliğ etmək məqsədilə “BİR İL” kampaniyası çərçivəsində Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) ilə bir sıra tədbirlər həyata keçirir.

Səfirlik bu dəfə həmin 2 qurum və AFFA-nın dəstəyi ilə Mərdəkanda yerləşən AFFA-nın Futbol Mərkəzindəki çimərlik futbolu meydançasında futbol turniri təşkil edəcək.

Turnirdə 6 komanda – Britaniya səfirliyini təmsil edən London 2012, MOK, MPK, AFFAı, Britaniya-Azərbaycan Məzunlar Birliyi və idman jurnalistlərindən ibarət Mətbuat komandası iştirak edəcək. Oyunlar avqustun 6-da, saat 18.00-dan 20.00-dək keçiriləcək.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2012-ci ildə iyulun 27-dən avqustun 12-dək, Paralimpiya oyunları isə avqustun 29-dan sentyabrın 9-dək London şəhərində keçiriləcək.

Mənbə: affa.az