Vüqar Nadirov: Ümid edirik ki, mərhələ adlayacağıq
03.08.2011 - 15:56
Vüqar Nadirov: Ümid edirik ki, mərhələ adlayacağıq
“Belçikadan döndükdən dərhal sonra İstanbula yollandım və orda həkim müayinəsindən keçdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov deyib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Brügge” ilə qarşılaşacaq “Qarabağ” oyuna itki ilə çıxacaq. Belə ki, cari mövsümdə artıq iki qol vuran futbolçu 6 həftə yaşıl meydandan kənarda qalacaq: “Həkimlər dedilər ki, bir az da çox oynasaydın, əzələ bağların qırılacaqdı. Vaxtında meydanı tərk etmisən. Ayağımda yırtıq var. 6 həftə oynamayacam. İki həftədən sonra yüngül qaçışlara başlayacam. Təkrar müayinə olunmaq üçün isə avqustun 8-də Türkiyəyə yollanacam”.

Sabahkı oyun barədə də danışan futbolçu komanda yoldaşlarına inandığını deyib: “Ümid edirik ki, mərhələ adlayacağıq. Yəni revanş almaq mümkündür. Xüsusilə də ilk 15 dəqiqədən çox şey asılıdır. Yəni 15 dəqiqə ərzində hesabı açsaq, onları “Visla”nın gününə sala bilərik”.