“Neftçi”nin “zəif” seçimi
03.08.2011 - 23:13
“Neftçi”nin “zəif” seçimi
"Neftçi" qızılgül kimidi. O qədər cəlbedicidi ki, hamı onu qoxulamaq istəyir. Ancaq elə ki, yaxınlaşıb qoparmaq istədin, tikanı əlinə batır.

Bu komandadan çoxları nəsibin alıb. Ona "əlcək"lə yaxınlaşan Əhməd Ələsgərovu nəzərə almasaq, müstəqillik dönəmindəki əksər məşqçilər flaqmandan ayrılanda nüfuzuna zərbə alaraq gedib.

"Neftçi"dəki rejimdən salamat çıxmayan Hans-Yürgen Gedeni "gördüm" deyən yoxdu, Vlastimil Petrjela hətta dəlixanalıq oldu, Vaqif Sadıqova nə etdilərsə, vətəndən baş götürüb getdi. Bu komanda hətta ona İntertoto kubokunda mərhələlər adladan Anatoli Demyanenkonun belə qədrini bilmədi.

Ən son zərbə alansa, alansa Arif Əsədov oldu. 6 ildi çempion olmayan komandanı "qızıl"a qovuşduran mütəxəssis məhz yerinə göz dikənlərin başqaları vasitəsilə etdiyi təzyiqlərə dözmədi.

İndi Böyükağa Hacıyev də qızılgül qoxusuna gəlib. Amma gül tikanlarının onu bezdirəcəyini indidən deyə bilərəm. Bəd danışmaq olmasın, ancaq Hacıyevin heç mövsümün sonuna kimi postunda qalacağına inanmıram. Çünki Böyükağa bəyin təcrübə və bacarığı "Neftçi" kimi klubun əvəzedici heyətinə belə yetməz.

Çox hörmətli Sadıq Sadıqovun hansı əsasla Böyükağa bəyə güvənməsi şəxsən mənim üçün çox maraqlıdı. Bəlkə klub prezidenti hər şeyi özü həll edəcək, məşqçi postunda isə sadəcə, "kimsə" əyləşməlidi. Axı, Hacıyev "Bakı"da vitse-prezident Nail Əliyevin sayəsində məhz belə işləyib. Onun daha sonra çalışdığı "day-day"sız "Standard" isə aşağı diviziona düşüb dağılmalı oldu. Yəni Böyükağa bəy heç nə edə bilmədi.

Kim nə deyir-desin, "Neftçi" kimi komandanın baş məşqçisi Böyükağa Hacıyev olmamalıydı. Onun kimin əli, kimin vasitəsi ilə bura gəlib düşdüyünü bilmirəm. Ancaq o bəllidi ki, indi sevindiyi kimi bir də flaqmandan gedəndə sevinəcək.

"Neftçi"də kadrların bölümü də maraqlıdı. Hacıyev özü ilə 2 köməkçi gətirib. Onlardan biri bəlkə də "Xəzər-Lənkəran"da işləyərkən Ağasəlim Mircavadovdan öyrəndiklərinə görə Hacıyevdən də təcrübəli sayıla biləcək Tərlan Əhmədovdusa, digəri efirdə işsizliyi dönəmində Böyükağa bəyi tərifləməkdən doymayan Kamal Quliyevdi.

Arif bəyin vaxtında komandada olan Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək. Ancaq elə təzad da buradadı.

Görəsən, seleksiyaçı-məşqçi kimi təyinat alan Quliyevlə Musayev faktiki eyni işi görəcəkləri halda onların ikisinin birgə çalışması nə dərəcədə faydalı olacaq. Yoxsa Kamal məşqçinin, Bəxtiyar isə prezidentin adamı kimi bir postu iki yerə bölməli olacaqlar?

"Qarabağ"la ilk matçı təxirə salınan "Neftçi"də Hacıyevin debütü "Rəvan"la səfər matçına təsadüf edəcək. Güman ki, flaqmanın yeni məşqçi ilə perspektivinə də elitanın debütantı aydınlıq gətirəcək. Çoxlarının indidən autsayder hesab etdiyi, amma yürütdüyü siyasətə görə hətta medallara iddialı olan "Rəvan" bəlkə də Böyükağa bəyin bu posta nə dərəcədə layiqli olduğunu elə startdaca müəyyənləşdirəcək.

"Zəif" ləqəbli Hacıyev indidən bəhanələr fikirləşsə, heyət seçiminə görə Əsədovun ünvanına atmacalar hazırlasa, yaxşı olar...

CAVAD