Pele 70 yaşında “Barselona”ya qarşı oynayacaq
04.08.2011 - 08:55
Pele 70 yaşında “Barselona”ya qarşı oynayacaq
“Futbol kralı” Pele yaşıl meydana qayıdır. Apasport.az saytının məlumatına görə, əfsanəvi braziliyalı hücumçu 70 yaşında yenidən top qova bilər. Bunun dekabrın 8-dən 18-dək Yaponiyada keçiriləcək klublar arasında dünya çempionatında olması gözlənilir. Pelenin karyerasının böyük hissəsini keçirdiyi “Santos”un marketinq direktoru Armeyu Netu onun həmin məsul yarışda komandanın heyətində meydana çıxmasını istisna etmir. Bu, “Santos” finala çıxıb, orada “Barselona” ilə görüşəcəyi halda mümkündür.

Netunun fikrincə, həmin gün meydanda Pele və “Barsa”nın argentinalı yarımmüdafiəçisi, son illərdə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messinin meydanda olması turnirin gəlirini artıracaq: “Mən buna şübhə etmirəm. Ancaq hər şey baş məşqçidən asılı olacaq. Əgər Pele komandaya impuls verə bilsə, niyə də olmasın?”.

Məsələ ilə bağlı münasibət bildirən “Santos”un prezidenti Luis Alvari Ribeyru son qərarın baş məşqçi Murisi Romalyudan asılı olacağını bildirib: “Biz hələ çalışdırıcımızın nə qərar verəcəyini öyrənməliyik. Hətta Pele məşqlərə başlayarsa, o, meydanda bütün oyunu keçirə bilməz. Ancaq ona görüşün sonunda, məsələn penalti zərbəsini vurmaq imkanı verilə bilər”.

Qeyd edək ki, 3 dəfə dünya çempionu olan Pele planetdə ən çox qol vuran futbolçudur.