“Valensiya” millimizin futbolçusunu baxışdan keçirir
04.08.2011 - 11:04
“Valensiya” millimizin futbolçusunu baxışdan keçirir
Azərbaycan millisinin futbolçusu Rizvan Umarov “Valensiya” klubunun düşərgəsində yer alıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın adlı-sanlı komandası 19 yaşlılardan ibarət yığmamızın (U-19) üzvünü baxışa çağırıb.

“Zenit”in Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi olan 18 yaşlı Rizvan hazırda “Valensiya”nın əsas komandasının bazasında olsa da, əvəzedicilərlə məşq edir.

Futbolçumuz ispaniyalı seleksiyaçıların diqqətini yığmamızda çıxışı zamanı cəlb edib. Umarovun baxışa dəvət edilməsi ilə bağlı qərar onun U-19-un heyətində apreldə İtaliyada beynəlxalq turnir çərçivəsində “Barselona”nın B komandası ilə yoldaşlıq görüşündə uğurlu çıxışından sonra qəbul edilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Rizvan ikili – həm Rusiya, həm də Azərbaycanın vətəndaşlığına malikdir. “Zenit” təmsil etdiyi Sankt-Peterburq şəhərinin aparıcı futbol məktəbindən çıxan yetirməsinə müqavilə təklif etməyib. Buna görə də yığmamızın oyunçusu xoşbəxtliyini Valensiyada axtarmağa yollanıb.