“Məşqdə tər tökən, döyüşdə qan tökməz” – MÜSAHİBƏ
04.08.2011 - 13:10
“Məşqdə tər tökən, döyüşdə qan tökməz” – MÜSAHİBƏ
Azərbaycan yığmasının və AZAL-ın hücumçusu Elşən Məmmədovun apasport.az saytına müsahibəsi

- Milli komandamız avqustun 10-da Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünün hazırlıqlarını yekunlaşdırdı. Sizcə, bu hazırlıq oyunçulara müsbət təsir göstərdimi?
- Hazırlıq futbolçular üçün çox əhəmiyyətli oldu. Uzun müddət idi ki, bir araya gəlmirdik. Biz milli komandanın yoxlama oyunu ilə yanaşı, həm də çempionatın ilk turuna hazırlaşdıq. Kollektivdə ab-hava çox yüksək səviyyədə idi.

- Məşqlərin böyük hissəsini "Dalğa Arena"da keçirdiniz. İsti hava, süni meydança sizə çətinlik törətmirdi?
- Futbolçu özünü hər şəraitə uyğunlaşdırmalıdır. Biz həm qızmar günaş altında, həm də soyuq havada məşqlərimizə ara verməməliyik. Əgər məşqi saat 15:00-a da təyin etsəydilər belə, çıxıb vəzifəmizi yerinə yetirməliydik. Çünki nəticə qazanmaq istəyən komanda daim məşq etməlidir. Məşqdə tər tökən, döyüşdə qan tökməz. Eyni zamanda, Berti Foqtsun məşqləri bizi çox yormurdu. O, bizə çox maraqlı terminlər başa salırdı.

- Berti Foqts məşqlərdə ən çox nəyin üzərində çalışırdı?
- Alman mütəxəssis komandasını mövqelərə bölmək istəmir. O, hücüma keçən futbolçunun tez bir zamanda müdafiə xəttinə köməyə gəlməsini istəyir. Odur ki, budəfəki toplanış əsasən xətlərarasında əlaqənin yaxşılaşdırılmasına və futbolçuların bir-birlərinə uyğunlaşmasına həsr olundu. Zənnimcə, biz qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik.

- Foqts Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın futbolçularını hazırlığa cəlb etməmişdi. Rəşad Sadıqov, Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçuların yeri kollektivdə görünürdümü?
- Əlbəttə ki, hər bir futbolçunun özünəməxsus oyun tərzi və məşq qabiliyyəti var. Yəni oyunçuları bir-biri ilə müqayisə etmək düzgün deyil. Məlumdur ki, "Qarabağ" bu gün "Brügge" ilə çətin görüşə çıxacaq. Yəqin ki, həmin futbolçuların komandandanın düşərgəsində olması məqsədəuyğundur. Deyərdim ki, "Qarabağ"ın futbolçularının yoxluğunu hiss etmədik. Milli bütün məşqləri yüksək əhval-ruhiyyədə və tempdə keçdi.

- Bu hazırlıqdan sonra milli komandanı Makedoniya ilə görüşə hazır saymaq olarmı?
- Milli komandaya adətən say-seçmə futbolçular cəlb olunurlar. Hər birimiz öz klubumuzda start heyətin daimi üzvü olduğumuzdan oyun praktikası ilə bağlı problem yaşamamalıyıq. Fikrimcə, milli komandamız görüşə hazırdır.

- Foqts Makedoniya ilə görüşdə bir neçə eksperment həyata keçirəcəyini deyib. Belə çıxır ki, bu görüşdə nəticə sizin üçün o qədər də əhəmiyyət kəsb etmir?
- Belə deməzdim. Milli komanda il ərzində klub qədər oyun keçirmir. Odur ki, hər görüşdə qələbə qazanmaq vacibdir. Makedoniya ilə qarşılaşma yoxlama görüşü olsa da, biz meydançaya qələbə qazanmaq üçün çıxacağıq.

- Bu görüşdə oynayacağınıza ümüdlüsünüz?
- Əlbəttə ki, ümüd hər zaman var. Yəqin ki, baş məşqçi Makedoniya ilə görüşün heyətini bu toplanışa uyğun quracaq. Zənnimcə, mənim bu barədə danışmağım yersizdir. Əgər Foqts məsləhət görsə, meydançaya çıxıb bacarığımı nümayiş etdirəcəyəm.

- Klubun AZAL-a yeni baş məşqçi gətirilib. Belə məqamda milli komandaya çağrılmağın klub karyerana mənfi təsir göstərməyəcək ki?
- Bəli, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Minsk"lə oyunlardan sonra istefa verən baş məşqçi Nazim Süleymanovu Elxan Abdullayev əvəzlədi. Artıq 1 aya yaxındır ki, təyinatı rəsmiləşən mütəxəssis Türkiyə toplanışında komandaya rəhbərlik edib. Fikrimcə, keçirilən yoxlama görüşlərinin sayəsində o futbolçuların nəyə qadir olduğunu öyrənib. Məncə, milli komandaya dəvət almaq mənim klub karyerama mənfi təsir göstərməyəcək. Əksinə, milliyə futbolçu vermək AZAL-ın xeyrinə işləyən amillərdəndir.

- Ümumiyyətlə, Abdullayevin baş məşqçi postuna gətirilməsinə münasibətiniz necədir?
- Karyeram ərzində çox komandanın formasını geyinmişəm. Uzun müddət əcnəbi mütəxəssislərlə - Anatoli Konkov, Valentin Xodukin, Roman Pokora ilə çalışsam da, həmişə yerli baş məşqçilərin rəhbərliyi altında oynamağı üstün tutmuşam. Fikrimcə, Elxan Abdullayev yetişməkdə olan gənc məşqçi qrupunun ən istedadlı nümayəndələrindəndir. Onun AZAL-a xeyir verəcəyinə inamım böyükdür.

- Komandanızın qarşısına çempion olub, kuboku qazanmaq məqsədi qoyulub. Sizcə, hazırkı komanda bu arzuları həyata keçirməyə qadirdirmi?
- Düzü, indiki vəziyyətdə bu suala cavab verə bilmərəm. Hələ çempionat başlamayıb. İnşallah, ilk turun oyunları keçirildikdən sonra komandanın gücü və qarşıya qoyulan məqsədə doğru irəliləyə biləcəyi barədə konkret fikir yürütmək mümkündür.

- Yeri gəlmişkən, ilk turda vaxtilə şərəfini qoruduğun "Simurq"a qarşı oynayacaqsınız. Xüsüsən də, doğma arenada yaxşı oyun nümayiş etdirən "Simurq"u məğlub edə biləcəksinizmi?
- Çempionatın ilk oyunu istənilən komanda üçün əlavə məsuliyyət deməkdir. Bu tip oyunlar çox ağır keçir. Amma Zaqatala səfərindən maksimum xalla dönməyə çalışacağıq.