Polis “Qalatasaray” klubunun bazasında axtarışlara başladı
04.08.2011 - 12:54
Polis “Qalatasaray” klubunun bazasında axtarışlara başladı
İstanbul polisi danışılmış oyunlarla bağlı apardığı təhqiqat çərçivəsində bu gün səhər “Qalatasaray” klubunun Floryadakı mərkəzində axtarışa başlayıb. Apasport.az saytının məlumatına görə, axtarışı İstanbul Əmniyyət Müdirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları aparır.

Floryadakı axtarışın səbəbləri barədə açıqlama verilməyib.

Bundan başqa, “Türk Telekom Arena”da yerləşən “Qalatasaray” klubu İdarə Mərkəzində və klubun idman direktoru Bülənd Tülünün evində də axtarışlar aparılır. İlkin məlumata görə, axtarışa səbəb 2005/2006 il mövsümünün son həftəsində oynanılan “Fənərbaxça” - “Dənizlispor” matçı ilə bağlıdır.

Həmin oyun 1:1 hesabı ilə başa çatdığından “Fənərbaxça” çempionluğu əldən vermiş, çempion titulunu “Qalatasaray” qazanmışdı. Türkiyə mediası həmin matçda “Qalatasaray” rəhbərliyinin “Dənizlispor” klubunun oyunçularını satın aldığı ilə bağlı iddiaların olduğunu, axtarışların da bu iddiaları təsdiqləmək üçün dəlil tapmaq məqsədi daşıdığını yazır.