Hamburger yeyən futbolçu Bakıya gətirilmir
04.08.2011 - 15:45
Hamburger yeyən futbolçu Bakıya gətirilmir
Belçika yığması və Fransa “Lill”inin aparıcı oyunçularından Eden Hazard qarşıdakı iki görüşdə milli komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, belçikalıların baş məşqçisi Jorj Leekens ulduz futbolçunu iki oyunluq cəzalandırıb.

Buna Hazardın Türkiyə millisi ilə Avro-2012-nin qrup mərhələsindəki oyun zamanı etdiyi intizamsızlıq səbəb olub. Gənc yarımmüdafiəçi onu əvəzləyən baş məşqçiyə əsəbiləşdiyi üçün stadionu tərk edib. Bir qədər sonra isə o, əlində hamburgerlə geri qayıdıb. Sırf bu məsələyə görə, Hazard çalışdırıcının qəzəbinə tuş gəlib.

Təsadüfü deyil ki, Leekens də mətbuata verdiyi açıqlamasında futbolçunu intizamsızlıqda günahlandırıb: “İnsan gənc olanda, belə səhvlər edə bilər. Ancaq milli komandanın özünəməxsus qaydaları var və bunlara hörmət etmək lazımdır. Hazard qaydalara zidd hərəkətinə görə iki oyunluq yığmadan kənarlaşdırıldı. Haqlı qərar qəbul etdiyimi düşünürəm”.

Belə olan halda 19 yaşlı yarımmüdafiəçi həm Sloveniya ilə yoldaşlıq oyunu, həm də sentyabrda milli komandamızla seçmə mərhələ görüşündə meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Azərbaycan – Belçika matçı sentyabrın 2-də Bakıda keçiriləcək.