Debütantlar, qayıdanlar, yoluna davam edənlər
06.08.2011 - 11:43
Debütantlar, qayıdanlar, yoluna davam edənlər
Azərbaycan Premyer Liqasında növbəti mövsüm bir sıra baş məşqçilərin debütü, bir sıra baş məşqçilərin isə qayıdışı ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, debütantlar arasında ən tanınmışı olan ötənlərin məşhur hücumçusu Sergey Yuran məşqçilik karyerasını ölkəmizdə davam etdirərək, “Simurq”un sükanı arxasına keçib. 42 yaşlı rusiyalı futbolçu karyerasını bitirdikdən sonra vətənində “Şinnik”, “Ximki” klublarını çalışdırıb, son iş yeri isə Qazaxıstan olub. Yuranın Astana “Lokomotiv”ində fəaliyyəti qısa müddətli olub və bundan sonra 2 il işsiz qalıb. Rəhbərlik I diviziona düşən Zaqatala təmsilçisinin “Muğan”ın imtinası nəticəsində Premyer Liqada saxlanılmağına qərar verilməsi ilə yeni çalışdırıcısının qarşısında duran ilk “altılığ”a düşmək vəzifəsi qoyub.

Yuranla yanaşı, “Sumqayıt Şəhər”in çalışdırıcısı Bernard Raab da ölkəmizə yeni gələn məşqçilərdəndir. Əslində ölkəmizdə son 3 ildə almaniyalı çalışdırıcıların aıxını müşahidə olunur ki, bunlar arasında ən tanınmış milli komandamızın baş məşqçisi Berti Foqtsdur. Ancaq onlar adətən yığmalarımıza gəlirlər və klublarımızda işləyən yeganə almaniyalı çalışdırıcı Hans-Yurgen Gededir. Belə götürəndə o da ölkəmizə millidə işləməyə gəlmiş, birgə təşrif buyurduğu Foqtsun köməkçisi olmuşdu. Ancaq 2008-ci ilin sentyabrında ukraynalı Anatoli Demyanenkonun istefasından sonra Gede yığmadan ayrılaraq, “Neftçi”nin baş məşqçi postuna keçmişdi. Ancaq 55 yaşlı çalışdırıcı orada 6 ay uğursuz çalışdıqdan sonra qovularaq, ölkəmizi birdəfəlik tərk etmişdi. Əsasən aşağı yaş qruplardan ibarət yığmalarımızın futbolçularından qurulan Sumqayıt təmsilçisi Premyer Liqada debütündə 2 illik müqavilə bağladığı 44 yaşlı əcnəbi çalışdırıcısına güvənir.

Premyer Liqamızın qalan 10 təmsilçisindən 2-də mövsümlərarası fasilədə baş məşqçi dəyişikliyi oldu. Bunlar avrokuboklarda uğursuz çıxış edən “Neftçi” ilə AZAL oldu. Arif Əsədov Çempionlar Liqasında, Nazim Süleymanov Avroliqada mübarizəni ilk mərhələni dayandırdıqdan sonra istefa verdi. Onları 6 il öncə milli komandamızda birgə işləyən, baş məşqçi Vaqif Sadıqovun köməkçiləri olan Böyükağa Hacıyevlə Elxan Abdullayev əvəzlədi. Bununla da hər ikisi bir müddət fasilədən sonra milli çempionatımıza qayıtdılar. Klublarımızdan “Araz”, “Standard” və “Bakı”nı çalışdıran Hacıyevin uğurlu işi sonuncularda olub. Belə ki, 53 yaşlı çalışdırıcı 2006-cı ildə sona 8 tur qalmış “zolaqlılar”ın baş məşqçi postuna keçərək, onu sonda çempion edib, növbəti mövsümdə bürünc medal qazanıb. Ötən il Sumqayıt “Standard”ını Premyer Liqada saxlaya bilməyəndən sonra onunla yollarını ayıran Hacıyev ötən mövsümü kənardan izlədi və “Neftçi”yə təyinatından 1 ay əvvəl Azərbaycanın əməkdar məşqçisi adına layiq görüldü.

Elə Abdullayev də “Bakı”da çalışıb və özü də bu adlı klubun ilk baş məşqçisi kimi tarixə düşüb. Gənc çalışdırıcı komanda hələ “Dinamo” adlanan dövrdə də onun sükanı arxasında olub. Son vaxtlar daha çox köməkçi məşqçi işləyən Abdullayev milli komandamızda, “İnter”də, Qazaxıstanda “Atırau” klubunda bunu icra edib. 41 yaşlı mütəxəssis 6 ildən sonra baş məşqçi kimi milli çempionatımıza qayıdır. O, sonuncu dəfə baş məşqçi 2005/06 mövsümün ilk yarısında “Qarabağ”da olub.

“Turan” mövsümlərarası fasilədə avrokuboklarda çıxış etməsə də, “Neftçi” və AZAL kimi baş məşqçisini dəyişdirdi. Tovuz təmsilçisi türkiyəli Naci Şensoyu qovaraq, onu yerinə “təyyarəçilər”i çalışdırmış Əsgər Abdullayev gətirdi. O, AZAL hələ “Olimpik-Şüvəlan” adlanan dövrdə 2009/10 mövsümün ilk yarısında bitəndə istefaya göndəriləndən sonra 2 ildir işsiz idi. Milli komandamızın da baş məşqçisi olmuş Abdullayev “Şəfa”, “Bakı” klublarını çalışdırıb. 51 yaşlı mütəxəssis hər 2 komanda ilə Azərbaycan kubokunu, “Olimpik”lə çempionatımızın gümüş medalını qazanıb.

“Xəzər Lənkəran”ın Avroliqada uğursuz çıxışından sonra Mirça Rednikin də istefası gündəmdə olsa da, rumıniyalı mütəxəssis sonda qalası oldu. Ötən mövsüm komandaya ölkə kubokunu qazandıran 49 yaşlı rumıniyalı ölkəmizdə 2-ci mövsümünü keçirəcək. Avrokuboklarda nəinki bu, son 3 mövsümdə ən uğurlu təmsilçimiz olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə rekordçudur. Məsələ ondadır ki, 39 yaşlı çalışdırıcı ardıcıl 4-cü mövsüm bu komanda ilə mövsümə başlayır və Premyer Liqamızın qalan 11 iştirakçısı arasında belə uzun müddətli postunda olan yoxdur.

Qurbanovun göstəricisinə ən yaxın olan Kaxaber Sxadadzedir ki, o, “İnter”lə 3-cü mövsümə start götürür. 43 yaşlı çalışdırıcı “bankirlər”ə qədər digər Bakı təmsilçisi – “Standard”a cəmi 1 il rəhbərlik edib. Ötən il “İnter”i tarixində 2-ci çempionluğu qazandıran Sxadadze sonrakı mövsümdə nəinki medalçılar, heç avrokuboklara çıxanlar arasına düşmədi.

Dünyaca məşhur olan Toni Adams Premyer Liqamızda 2-ci mövsümünə başlayır. Ötən mövsüm qarşısında nəticə qazanmaq vəzifəsi qoyulmayan “Qəbələ” 45 yaşlı ingilis baş məşqçisinin rəhbərliyi altında ilk “altılığ”a düşə bilmədi, sonda 7-ci oldu. İndi komandanın heyəti xeyli güclənəndən sonra iddiası artıb və Adamsın qarşısında ən azı medal, avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub.

“Bakı” və “Kəpəz” bu il baş məşqçi postuna gətirdikləri ilə yoluna davam edir. Əslində ikincilər üçün Mehman Allahverdiyev doğma çalışdırıcıdır və bütün titullarını (3 çempionluq, 4 kuboku) həmşəhərlisinin rəhbərliyi altında qazanıb. 51 yaşlı Allahverdiyev ötən mövsüm 2-ci “altılıq”da sükanı arxasına qayıtdığı Gəncə təmsilçisini mövsümə özü hazırladı və ilk “altılıq” uğrunda mübarizə aparacaq. “Bakı” isə ötən qış baş məşqçi postuna gətirdiyi Aleksandr Starkovla bütün ümidlərini cari mövsümə bağlayıb. 56 yaşlı latviyalı mütəxəssis özü hazırladığı, qurduğu komandanı çempion etmək vəzifəsini yerinə yetirməlidir.

Nəhayət, Premyer Liqamızın debütantı “Rəvan”ın baş məşqçisi haqda. Bakını təmsil edən komanda ötən mövsüm onu I divizionda 2-ci edərək, Premyer Liqaya çıxaran Vladislav Qədirovun idman direktoru postuna keçəndən sonra Bəhmən Həsənovla anlaşdı. O, Salyanın “Muğan” klubunda uzun müddət köməkçi, ötən mövsümün ortasında isə baş məşqçisi oldu. “Muğan” Həsənovun rəhbərliyi altında daha yaxşı çıxış edərək, Premyer Liqada yerini qorudu və mövsümü 8-ci yerdə bitirdi. Salyan təmsilçisi güclülər dəstəsində çıxışını davam etməkdənsə I divizionda oynamağı üstün tutdu və Həsənov debütantın baş məşqçi postuna keçdi.

Bəli, 12 baş məşqçi bu gün start götürən, sayca yubiley – 20-ci olan milli çempionatımızda 281 günlük marafona başlayır. Kimin finiş xəttinə qədər postunda qalacağını zaman göstərəcək. Necə deyərlər, qoy sonda güclü qalib gəlsin...

Mehman SÜLEYMANOV