Samir baş məşqçisi ilə dalaşdı
06.08.2011 - 13:25
Samir baş məşqçisi ilə dalaşdı
Londonun “Arsenal” klubunda qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, komandanın fransalı futbolçusu olan Samir həmyerlisi olan baş məşqçisi Arsen Vengerlə dalaşıb. Hətta fransızlar arasında insident söyüş səviyyəsinə çıxıb və indi yarımmüdafiəçi klubdan qovulmaq gözləyir.

Nasri ilə Venger arasında münasibətlərin gərginləşməyi səbəbsiz deyil. Belə ki, “Arsenal”ın çalışdırıcısı milli komandasının üzvünə yayda “Mançester Siti”ə keçməyə icazə verməyib. Halbuki Mançester təmsilçisi Samirə görə 23 milyon funt sterlinq verməyə hazır olub. Nasri də “Arsenal”la müqaviləni uzatmamaqla, onu sıralarını tərk etmək istədiyini göstərsə də, Venger hər şeyi korlayıb. Nəticədə futbolçu ilə baş məşqçi arasında münaqişə yaranıb.

Samirin 1 ildən sonra londonlularla müqaviləsinin bitdiyini nəzərə alsaq, həmin vaxt sərbəst futbolçu olacaq. Buna görə də “Arsenal”ın “Mançester Siti”nin 23 milyonluq təklifini dəyərləndirmək sərfəlidir. Əks halda, fransız sərbəst olandan sonra onun transferindən pul qazanmaq mümkün olmayacaq. Venger “Valensiya” və İspaniya yığmasının yarımmüdafiəçisi Xuan Matanı alacağı halda, Samirlə vidalaşmağa hazırdır.

Qeyd edək ki, fransalı mütəxəssis ispan kapitanı Sesk Fabreqasın xidmətindən zədə üzündən Çempionlar Liqasında istifadə edə bilməyəcək.