Sələflərini ləkələmə vərdişi
06.08.2011 - 13:40
Sələflərini ləkələmə vərdişi
Hacıyev Əsədovun qarasınca danışmağa başladı

"Neftçi" rəhbərliyi qaş düzəltdiyi yerdə göz çıxartdı. Arif Əsədovun Böyükağa Hacıyevlə əvəzlənməsini yalnız bu cür xarakterizə etmək olar. Paytaxt klubunu idarə edən şəxslərin hansı məntiqlə bu işə qol qoyduqlarını anlamaqda çətinlik çəkirəm. Əsədovu avrokubokda mərhələ adlaya bilmədiyinə görə qovub, onu Hacıyevlə əvəzləmək gülünc qərardı. Bu yerdəyişməni yalnız təəssüf hissi ilə qarşılayıb, flaqman azarkeşlərinə səbr diləyə bilərəm.

Böyükağa bəy "Bakı"nı çempion edib, "Standard"ı birinci diviziona "yollayan" bir baş məşqçidi. Adamın qabında nəyin olub, nəyin olmadığını gözəl bilirik. Onu da bilirik ki, öz futbol fəlsəfəsi ilə öyünən Hacıyev hansısa komanda ilə beynəlxalq arenada uğur qazanacaq çapda olan bir mütəxəssis deyil. O, ən yaxşı halda daxili yarışlarda nəyəsə nail ola bilər. Amma bunu da rəhbərliyin meydandan kənar amillərlə "dəstəyi" olmadan bacaracağına şübhə edirəm.

Üstəlik, zaman o zaman deyil. Böyükağa bəyin "zolaqlılar"la "qızıl" qazandığı dövrlə indiki arasında yerlə göy qədər fərq var. Əvvəl ölkə çempionatında 2-3 iddialı kollektiv vardısa, indi onların sayı 2 dəfə artıb. Və mövcud şərtlər altında uğur qazanmaq hər oğulun işi deyil.

Sadıq Sadıqov ixtiyari, ya qeyri-ixtiyari Hacıyevi "Neftçi" avrokubokda mərhələ adlasın deyə komandanın başına gətirib. Hər halda 6 ildən sonra "ağ-qaralar"a çempionluq sevinci yaşadan Arif bəyin qapının önünə qoyulması buna hesablanıb. Amma yuxarıda da qeyd etdiyim kimi, Hacıyev avrokubokda nəsə edə biləcək çapda deyil. Onun ən yaxşı bacardığı bircə şey var: özündən əvvəlki məşqçilərin qarasına danışmaq.

Böyükağa bəy "Bakı"ya gələndən sonra Əsgər Abdullayevin barəsində nələr demədi ki? Anoloji hal "Standard"da da yaşandı. Oturub-durub Valdas İvanauskasın "cehizindən" şikayətlənən Hacıyev sonda komandanı uçurumdan yuvarladı.

İndi də növbə Arif Əsədovla "Neftçi"yə çatıb. Adamda nə xasiyyətdisə, sələflərini rahat buraxmır. Sanki onları rəhbərliyin gözündən salmadan zövq alır, özünə xal qazanır.

Hacıyev bugünlərdə ölkə mətbuatına müsahibəsində Əsədovla bağlı "siftə" etməyi özünə borc bilib. Açığı, müsahibəni sonadək oxumağa səbrim çatmadı. Amma onun bəzi açıqlamalarının üstündən ötəri keçməyi də bacarmadım. Gərək belə yerdə susmayasan ki, biriləri dediklərini asanlıqla ictimaiyyətə qəbul etdirdiklərini düşünməsinlər.

Böyükağa müəllim "Bakı" ilə avrokubok məcərası barədə danışarkən deyib ki, Çempionlar Liqasında "Sioni" səddini keçə bilməsələr də, rəqibi evdə udublar, səfərdə isə 9 nəfərlə uduzublar. Ardınca "Daçiya"ya penaltilər seriyasında yenildiklərini gözə soxan Hacıyev bildirib ki, ictimaiyyət komandanın mübarizə apararaq yenildiyini görməlidi. Onun fikrincə, Əsədovun "Neftçi"sinin Zaqreb "Dinamo"suna belə məğlub olması acıdı.

Bəli, "Neftçi"nin xorvatlarla Bakıdakı oyunu rüsvayçılıq idi. Amma "Bakı"nın "Sioni" səddini keçə bilməməsi bundan beş qat rüsvayçılıqdı. Deyirsiz ki, 9 nəfərlə uduzmusuz. Vallah-billah, hər bir komanda meydana 11 nəfərlə çıxır. Mən hələ hansısa komandanın oyuna 9 nəfərlə başladığını görməmişəm. Digər tərəfdən, ortada səviyyə fərqi var. "Sioni", "Daçiya" hara, Zaqreb "Dinamo"su hara? Aralarında atla eşşək qədər fərq var.

Hacıyevin diqqətimi çəkən digər açıqlaması isə Rail Məlikovun formasını yerə çırpması ilə bağlıdı. Böyükağa bəy "mənim vaxtımda kiminsə formasını yerə çırpıb getdiyini görmüsüz?" deməklə sələfini məzəmmət edir. Bəli, Əsədov ovaxtı "Neftçi"nin formasını yerə çırpan Railə qulaqburması verməli, ən azı kapitan sarğısını əlindən almalı idi. Bunu etməmək Arif bəyin zəifliyidi. Amma Hacıyev bu olaya görə Əsədovu qınayacaq adam deyil. Çünki onun rəhbərlik etdiyi komandalarda daha bibabırçı olaylar yaşanıb. Məsələn, Böyükağa müəllim Ramal Hüseynovla "razborka"sını unudubsa, mən xatırlada bilərəm.

Ötən ilin martında ADBTİA stadionunda "Xəzər-Lənkəran"la "Standard" arasında baş tutan yoldaşlıq oyunu qalmaqalla başa çatmışdı. Belə ki, həmin vaxt Sumqayıt təmsilçisini çalışdıran Hacıyevlə yetirməsi Ramal arasında insident yaşanmışdı. Matç başa çatandan sonra baş məşqçi ilə futbolçu arasında əvvəlcə söz dueli olmuşdu. Ardınca isə tərəflər əlbəyaxa davaya çıxmışdı. Ətrafdakı insanların müdaxiləsi nəticəsində məşqçi və futbolçunu sakitləşdirmək mümkün olsa da, Böyukağa bəy sakitləşməmişdi. Ramalı yaxınlıqdakı ağaclığa aparan baş məşqçi onunla bir saata yaxın "razborka" etmişdi...

ŞAMO
“Ekspressfutbol” qəzeti