Darmadağınla qayıdış, yaxud Abdullayevin 2801 gün gözlədiyi nəticə
08.08.2011 - 09:52
Darmadağınla qayıdış, yaxud Abdullayevin 2801 gün gözlədiyi nəticə
Elxan Abdullayev baş məşqçi kimi Azərbaycan milli çempionatına 2058 gündən sonra qayıtdı. Apasport.az saytının məlumatına görə, AZAL-ın 41 yaşlı çalışdırıcısı sonuncu dəfə rəsmi oyunda “Qarabağ”ı meydana çıxarmışdı. Bu, 2005/06 mövsümünün ilk dövrəsinin son turunda Sumqayıtın “Gənclərbirliyi” klubu ilə görüşdə olmuşdu. Abdullayevin baş məşqçisi olduğu Ağdam təmsilçisi 2005-ci ilin dekabrın 18-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda rəqibi ilə 1:1 hesablı bərabərliyə qalmışdı. Gənc mütəxəssis bundan sonra komandadan ayrılaraq, postunu Böyükağa Ağayevə təhvil vermişdi. Abdullayev arxada qalan müddətdə milli çempionatımızın iştirakçısı olsa da, bu, məşqçi qismində idi. O, 2007-2010-cu illərdə “İnter”də köməkçi məşqçi kimi 2 dəfə ölkə çempionluğu, 1 dəfə gümüş medal qazanıb.

Məlum olduğu kimi, AZAL ötən həftəsonu start götürən milli çempionatımıza inamla başladı. Komanda səfərdə Zaqatalanın “Simurq” klubunu 3:0 hesabı ilə yendi və Abdullayev məşhur rusiyalI həmkarı Sergey Yuranı ölkəmizdə debütdə böyük hesablı məğlubiyyətlə barışdırdı. Onun baş məşqçi kimi sonuncu böyük qələbəsi də dekabra, ev oyununa təsadüf edir. Bu, 2003-cü il dekabrın 6-da, 2003/04 mövsümünün XXI turunda Qusar “Şahdağ”ı ilə Tofiq Bəhramov asına Respublika stadionunda görüşdə olub. Həmin vaxt “Dinamo”nun baş məşqçisi olan Abdullayev bundan da böyük hesablı qələbəyə (4:0) sevinmişdi. Həmin oyundan isə 2801 gün ötür.

Qeyd edək ki, Abdullayev milli komandamızda 2 əcnəbi baş məşqçi - həm braziliyalı Karlos Alberto Torres, həm də almaniyalı Berti Foqtsun köməkçisi olub.

Mehman SÜLEYMANOV