Berti Foqts “Qarabağ”ın futbolçularından və Vaqif Cavadovdan imtina etdi
08.08.2011 - 11:17
Berti Foqts “Qarabağ”ın futbolçularından və Vaqif Cavadovdan imtina etdi
Azərbaycan yığmasının Makedoniya ilə yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts avqustun 10-da “Dalğa Arena”da keçiriləcək oyuna 20 futbolçu çağırıb.

Almaniyalı mütəxəssis Bakıda avqustun 1-dən 4-dək keçirdiyi təlim-məşq toplanışında sonra heyəti müəyyənləşdirib. Həmin toplanışa çağırılanlardan bir çoxuna dəvət göndərməyən Foqts Avroliqada çıxışı ilə əlaqədar kənarda qoyduğu “Qarabağ”ın futbolçularına müraciət edib.

Ancaq millimizin əsasını təşkil edən Ağdam təmsilçisindən bu dəfə cəmi 3 futbolçu dəvət alıb. Baş məşqçi adətən çağırdığı qapıçı Fərhad Vəliyev, müdafiəçi Maksim Medvedev, yarımmüdafiəçi Rəşad Sadiqov və hücumçusu Vüqar Nadirovu bu dəfə siyahıya daxil etməyib. Fərhad klubunda əsas heyətdə yerini itirdiyini, Rəşadın qardaşının vəfatı ilə əlaqədar psixoloji sarsıntı keçirdiyini, Vüqarın isə zədəli olduğu nəzərə alan Foqts onlarla “Qarabağ”da çiyin-çiyinə oynamış Vaqif Cavadovun da xidmətinə ehtiyac duymayıb.

Görünür, millimizin çalışdırıcısı son 2 ayda yeganə rəsmi görüşünü ötən şənbə Rusiyanın “Volqa” klubunda keçirən hücumçunun uzun müddətdir oyun praktikası sarıdan korluq çəkməsini nəzərə alıb.

Ümumiyyətlə, millidə cəmi 2 hücumçunun olmasını nəzər alsaq, Foqtsun sərəncamında ön xətt oyunçuları azdır.

Millimizin yeganə debütantı milliyətcə türk olan, 21 yaşlılardan ibarət yığmamızın heyətində yoldaşlıq görüşündə çıxış etmiş Ufuk Budakdır. Elə o, yığmamızın hazırkı heyətində ölkədən kənarda oynayan yeganə futbolçudur.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”), Andrey Popoviç (“Sumqayıt Şəhər”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Aqil Nəbiyev (AZAL), Vurğun Hüseynov (“Qəbələ”), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Mahir Şükürov, Aleksandr Çertoqanov, Arif İsayev (hamısı “Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Elvin Məmmədov, Fabio Luis Ramim (hər ikisi “Bakı”), Əfran İsmayılov (“Qarabağ”), Ufuk Budak (“Frayburq”, Almaniya)

Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Murad Hüseynov (“Qəbələ”)