Foqtsun islahatları
08.08.2011 - 16:59
Foqtsun islahatları
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Makedoniya ilə yoldaşlıq görüşünə açıqladığı heyətdə əvvəlki ilə müqayisədə xeyli dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis iyunda Avro-2012-in seçmə mərhələsində Qazaxıstan və Almaniya ilə rəsmi oyunlara çağırdığı 24 futbolçudan bu dəfə doqquzuna dəvət göndərməyib.

Bunlar qapıçı Fərhad Vəliyev (“Qarabağ”), müdafiəçi Vladimir Levin (“İnter”), Maksim Medvedev (“Qarabağ”), Saşa Yunisoğlu (“Qəbələ), Ruslan Əmircanov (“Neftçi”), yarımmüdafiəçilər Rəşad Sadiqov, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Elnur Abdullayev (“Xəzər Lənkəran”) və hücumçu Vaqif Cavadovdur (“Volqa”, Rusiya).

Əvəzində almaniyalı mütəxəssis 4 futbolçunu milliyə qaytarıb. Söhbət müdafiəçi Aqil Nəbiyev (AZAL), yarımmüdafiəçilər Mahir Şükürov (“Qəbələ”), Elvin Məmmədov və Fabio Luis Ramimdir (hər ikisi “Bakı”). Daha bir futbolçu isə Almaniyanın “Frayburq” klubundan dəvət edilən debütant Ufuk Budakdır. Türkiyəli futbolçu əvvəlcə U-21-də, indi isə əsas yığmada sınacaq.

Foqtsun qaytardığı futbolçulardan sonuncu dəfə bu ilin marında Belçika ilə səfər oyununda meydana çıxan Şükürov millimizdə hətta kapitan sarğısını daşıyıb. O, uzun müddət oynamadığına görə almaniyalı çalışdırıcıdan çağırmamağı xahiş edərək, buna müsbət cavab almışdı. Artıq Şükürov bir müddətdir özünə komanda tapıb və “Qəbələ”nin kapitanı təyin edilməklə, inamlı oyununu qaytarmağa çalışır.

Nəbiyev Foqtsun vaxtında oynasa da, arabir dəvət alır. AZAL-ın ucaboylu kapitanı sonuncu dəfə ötən ilin Çernoqoriya yığması ilə səfərdəki yoldaşlıq görüşündə millinin sıralarında olsa da, meydana çıxmamışdı. Zədəli Vladimir Levinlə Saşa Yunisoğlunun yoxluğunda müdafiənin mərkəzində problemi yaranıb və Foqts Bakıdakı toplanışa çağırdığı Nəbiyevi Makedoniya ilə görüşə dəvət etdi.

Elvin Məmmədov son rəsmi oyunlarda zədə üzündən kənarda qalıb. Onun yeni keçdiyi “Bakı”da komanda yoldaşı olan milliləşdirilən braziliyalı Fabio Luis Ramim də Mərdəkandakı toplanışda iştirak etdi və sonuncu dəfə bu ilin fevralında Dubaydakı hazırlıq prosesində yığmamızın heyətində olub.

65 yaşlı çalışdırıcı avqustun 1-dən 4-dək Bakıda toplanışa 24 futbolçu çağırmışdı. Həmin vaxt “Qarabağ” Avroliqada çıxışı ilə əlaqədar bu komandadan heç kimə dəvət göndərməyən Foqts Levinin zədə üzündən qatıla bilməyəcəyini bildikdən sonra onu siyahıda çıxardı. Yunisoğlu, Əmircanov, Abdullayevlə yanaşı, AZAL-dan müdafiəçi Usim Nduka ilə hücumçu Elşən Məmmədov “Dalğa Arena”dakı hazırlıqda iştirak etsələr də, son siyahıya düşmədilər. “Bakı”nın müdafiəçisi Əziz Quliyev zədəli, Türkiyənin “Ərciyyəspor” klubunun yarımmüdafiəçisi Amit Quluzadə isə 21 yaşlılardan ibarət yığmamızın Estoniya ilə səfərdəki yoldaşlıq görüşünə çağırıldığından, Makedoniya ilə görüşdən kənarda qaldılar.

Mehman SÜLEYMANOV