Dik Advokat azərbaycanlı futbolçuya məsləhətlər verdi
12.08.2011 - 08:43
Dik Advokat azərbaycanlı futbolçuya məsləhətlər verdi
“Aleksandr Səmədov “Dinamo”da yaxşı rol oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Dik Advokat deyib. DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan hollandiyalı çalışdırıcı əslən Azərbaycandan olan futbolçu Aleksandr Səmədovun milliyə çağırılmaq variantına münasibət bildirib.

Moskva “Dinamo”sunda oynayan soydaşımıza məsləhətlərini çatdıran Advokat ona dəvət göndərəcəyini istisna etmir: “Səmədov komanda yoldaşlarını görməkdə artırmalıdır. Mən “Dinamo”sunun Krasnodarda son oyununu izlədim. Əgər Aleksandr topu başı yuxarı qəbul etsəydi, ilk hissənin sonuna yaxın hesab artıq 3:0 moskvalıların xeyrinə ola bilərdi. Eyni zamanda yaxşı hal odur ki, Səmədov yalnız hücuma yönələn oyunçu deyil. O, real yarımmüdafiəçidir və həqiqətən maraqlı futbolçudur. Ancaq mənim planımda yığmada “Sportinq”dən olan futbolçu Marat İzmayılovu da yoxlamaq var. Onun 28 yaşı var, ancaq çox hərəkətli yarımmüdafiəçidir”.

Qeyd edək ki, Səmədov 8 il öncə düşərgəsində olduğu millimizdən oynamaqdan imtina edərək, Rusiyanı seçdi. Ancaq 27 yaşlı futbolçu doğulub, boya-başa çatdığı bu ölkənin gənclər yığmasından çıxışını bitirdikdən sonra milliyə dəvət almayıb.