“Borussiya”nın futbolçusu Azərbaycana gəlməkdən imtina etdi
12.08.2011 - 09:42
“Borussiya”nın futbolçusu Azərbaycana gəlməkdən imtina etdi
Qazaxıstan yığmasının Avro-2012-in seçmə mərhələsində Azərbaycan milli komandası ilə səfər oyunu öncəsi Almaniyadan futbolçu ilə güclənmək planı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Mönhenqladbaxtın “Borussiya” klubunun yarımmüdafiəçisi Roman Noyştedter rəqibimizdə oynamaqdan imtina edib. O, bildirib ki, ümumiyyətlə, gələcəyini Qazaxıstan yığması ilə bağlamır: “Bəli, mənim atam Qazaxıstanda oynayıb. Ancaq mən Ukraynada anadan olmuşam. Bu, atam “Dnepr”də oynayanda olub. Qazaxıstandan məndən milli komandada çıxış etmək imkanı ilə bağlı soruşdular. Ancaq mən orada anadan olmamışam və məni bu ölkə ilə heç nə bağlamır. Ona görə də əgər hansısa yığmada oynasam, yəqin ki, bu, Ukrayna olacaq”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyununun sentyabrın 6-da Lənkəranda keçirilməsi nəzərdə tutulub.