“Neftçi” və “Qarabağ” da başlayır: Mərdəkanda siftə, Sumqayıta qayıdış
12.08.2011 - 11:31
 “Neftçi” və “Qarabağ” da başlayır: Mərdəkanda siftə, Sumqayıta qayıdış
Sabah Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandamız avqustun 10-da Makedoniya ilə yoldaşlıq görüşü keçirdiyindən turun oyunlarının çoxu bazar gününə salınıb.

Tur “Neftçi” və “Qarabağ” üçün əlamətdar olacaq. İlk turda öz aralarındakı oyunu təxirə salınan komandalar yubiley – XX milli çempionatda debüt edəcəklər. Bununla da, ilk dəfə turun bütün oyunları keçiriləcək.

Son çempion Bakı derbisinə çıxacaq. Premyer Liqanın debütantı “Rəvan” ilk ev oyununu “Neftçi” ilə keçirəcək. Özü də matçın “Dalğa Arena”da olması diqqətçəkən məqamdır. “Rəvan” Mərdəkan qəsəbəsində yeni açılan bu stadionda ev oyunlarını keçirməklə bağlı AFFA rəhbərliyi ilə razılığa gəlib. Bununla, “Dalğa Arena”da ilk çempionat oyununun keçirilməsi tarixi hadisə olacaq.

Təbii ki, “Neftçi” yeni baş məşqçisi Böyükağa Hacıyevin rəhbərliyi altında mövsümə qələbə ilə başlamağa, “Rəvan” isə çempionu büdrədərək, güclülər dəstəsində ilk xalını qazanmağa çalışacaq.

“Qarabağ” mövsümə təmsil etdiyi Ağdamda başlayacaq. Rəqibin “İnter” olduğu nəzərə alsaq, Quzanlıdakı görüş turun mərkəzi oyunu sayılır. Hər 2 komandanın heyətlə bağlı itkilər var ki, bu da əsasən zədəli futbolçularla bağlıdır. Bu mənada “Qarabağ”da problemlər daha ciddidir.

Komandanın millidəki futbolçuları – Maksim Medvedev, Rəşad Sadiqov, Vüqar Nadirov bir müddətə sıradan çıxıblar. Əfran İsmayılov isə Makedoniya ilə oyunda ayağında ağrılar hiss etdiyindən, erkən əvəzlənməli oldu.

AZAL – “Xəzər Lənkəran” matçının da maraqlı olacağını desək, yanılmarıq. Meydan sahibləri çempionata səfərdə “Simurq”u darmadağın etməklə başlayıb və bunu sayəsində hazırda turnir cədvəlində liderdir. Lənkəranlılar da ilk turda qələbə qazansa da, debütant “Sumqayıt Şəhər”i evdə minimal fərqlə (2:1) yenə bildi. Heyətində islahatları davam etdirən “ağ-yaşlıllar”ı bu dəfə Bakıda daha ciddi sınaq gözləyir. Özü də cənub təmsilçisi AZAL-ın Şüvəlan qəsəbəsindəki stadionunda ilk dəfə oynayacaq.

Çempionluğa iddialı “Bakı” son pillədə gedən “Simurq”u qəbul edəcək. Düzdür, qüvvələr arasında nisbətin böyük olduğunu nəzərə alsaq, meydan sahiblərinin çətinlik çəkmədən qalib gələcəyini düşünmək olar. Ancaq digər tərəfdən, Zaqatala təmsilçisinin ötən mövsüm zəif heyətlə “zolaqlılar”ı elə səfərdə yendiyini (1:0) unutmaq olmaz.

“Sumqayıt Şəhər” ilk ev oyununda iddiası xeyli artan “Qəbələ”ni qonaq edəcək. Bununla, futbol bayramı uzun müddətdən sonra Sumqayıta qayıdır. Gənc futbolçulardan qurulan, I turda Lənkəranda heç də pis təsir bağışlamayan debütantı növbəti güclü rəqib sınağa çəkəcək.

Tovuzdakı açılış oyunu isə daha çox Qərb derbisi kimi maraq doğurur. Vaxtilə mükafatlar uğrunda mübarizə aparan “Turan”la “Kəpəz” indi ortababdırlar, daha çox Premyer Liqada yerlərini qorumağa çalışırlar.

Düzdür, hər 2 komanda cari mövsümdə ilk “altılığ”a düşmək məqsədini qarşıya qoyub. Mövsümlərarası fasilədə “Turan”la “Kəpəz”ın bəzi futbolçuları əks düşərgəyə yollandılar. Tovuz klubunun aparıcı futbolçusu, məhsuldar oyun nümayiş etdirən türkiyəli müdafiəçi Muammer Erdoğdu Gəncə təmsilçisinə keçdi.

Ötən mövsümü bu komandada keçirən Ramal Hüseynov isə “Turan”a qayıdaraq, onun kapitanı oldu. İndi bu futbolçular sabiq komandaları ilə prinsipial oyuna çıxacaqlar ki, Erdoğdunu Tovuz publikasının necə qarşılayacağı xüsusilə maraq doğurur.

12 avqust

18:00. "Turan" - "Kəpəz"
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov
Tovuz. Şəhər stadionu

14 avqust

18:00. "Qarabağ" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə stadionu

18:00. "Rəvan" - "Neftçi"
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu

18:00. "Sumqayıt Şəhər" - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

21:00. "Bakı" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Mehman SÜLEYMANOV