Branimir Subaşiç bu gün “Xəzər Lənkəran”la müqavilə bağlaya bilər
12.08.2011 - 13:52
Branimir Subaşiç bu gün “Xəzər Lənkəran”la müqavilə bağlaya bilər
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç karyerasını ölkəmizdə davam etdirməyə yaxındır. 29 yaşlı milliləşdirilən serbiyalı hücumçu “Xəzər Lənkəran”la danışıqlar aparmaq üçün Bakıya gəlib.

Bu haqda apasport.az saytına məlumat verən cənub təmsilçisinin rəisi Səməd Mustafayev hazırda keçidlə bağlı tərəflər arasında danışıqlar getdiyini bildirib. Onun sözlərinə görə, transferin baş tutub-tutmayacağı bu gün bilinəcək.

Branimirin sərbəst futbolçu olması cənub təmsilçisinin işinə yarayır. Çünki onun keçidinə görə hansısa kluba pul vermək lazım gəlməyəcək və yalnız özü ilə müqavilə məsələlərini həll etmək lazımdır. Bundan əlavə, Branimir millimizdə oynadığından legioner yox, yerli futbolçu sayılır.

Bu isə heyətində azərbaycanlı futbolçuları az olan komandanın işinə yarayır. Ən nəhayət, “Xəzər Lənkəran”a hücumçu lazımdır və ölkəmizdə çıxış etmək təcrübəsi böyük olan Subaşiç bu işdə də yararlı ola bilər.

Qeyd edək ki, ötən mövsümü “Qəbələ”də keçirən hücumçu ilə “İnter” maraqlansa da, keçidi baş tutmadı. Paytaxtımıza qayıdana kimi Səudiyyə Ərəbistanın “Najran” klubu ilə danışıqlara yollanan Branimirin ona və bizə yaxşı tanış olan, “Bakı”, “Simurq” və milli komandamızı çalışdıran makedoniyalı Qyoko Hacıyevskinin baş məşqçisi olduğu komandaya keçidi baş tutmadı.