Keçmiş “Spartak”çıların Bakı görüşü
12.08.2011 - 15:18
Keçmiş “Spartak”çıların Bakı görüşü
Azərbaycan Premyer Liqasının II turu Moskva “Spartak”ının sabiq üzvlərini üz-üzə gətirəcək. Apasport.az saytının məlumatına görə, avqustun 14-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq “Bakı” və “Simurq”un baş məşqçiləri – Aleksandr Starkovla Sergey Yuranın karyeralarının müəyyən hissəsi Rusiyanın ən titullu klubuna bağlıdır. Özü də 42 yaşlı Yuran həmkarından fərqli, Moskva təmsilçisinin həm futbolçusu, həm də məşqçisi olub.

1995-ci ildə “Portu”dan Rusiyaya qayıdan Yuran “Spartak”a keçdi və möhtəşəm uğurda iştirak etdi. Belə ki, komanda həmin il Çempionlar Liqasının (ÇL) qrup mərhələsində keçirdiyi 6 matçın hamısında qalib gəldi. Bu, rusların ən böyük uğuru sayılmaqla yanaşı, ümumiyyətlə, ÇL tarixində nadir hallarda müşahidə olunan nəticədir.

Həmin uğura vurduğu qollarla töhfə verən Sergey mövsümün sonunda “Spartak”dan getdi. Buna səbəb klub rəhbərliyi ilə fikir ayrılığının yaranması idi. Bununla da o, “Spartak”da ilk vaxtında 8 oyun keçirdi və 2 qol vurdu.

Sergey bundan 4 il sonra yenidən “Spartak”da qərarlaşdı və yeganə Rusiya çempionluğunu həmin vaxt qazandı. Hücumçu komandaya böyük ümidlərlə qayıtsa da, ona bazada uzun müddət qalmaq, aylarla davam edən təlim-məşq toplanışlarına dözmək çətin idi.

Nəticədə Yuran 1999-cu ildə moskvalıların heyətində uğurlu çıxış edə bilməyərək, 18 oyunda 3 qol vurdu. O, məhsuldar ötürmələrə görə komandanın liderlərindən biri oldu. Azarkeşlər Sergeyi ləngliyi, topu arxası qapıya qəbul etdiyinə görə tənqid edirdilər və baş məşqçi Oleq Romantsevin onunla ikinci işbirliyi də uzun çəkmədi.

Təcrübəli mütəxəssisin yayda ayrılmağa qərar verdiyi futbolçu bundan sonra Rusiya yığmasına da çağırılmadı. “Spartak” bahalı hücumçusunu 6 ay heç cür sata bilmədi və yalnız 2000-ci ilin qışında “Şturm” (Avstriya) ona sahib çıxdı.

Yuranın “Spartak”a 3-cü gəlişi artıq məşqçi qismində idi. O, 2002-ci ildə karyerasını bitirdikdən sonra klubun Futbol Akademiyasının direktoru oldu, tezliklə isə əvəzedici heyətə rəhbərlik etdi. 2003-cü ilin iyununda Romantsevin istefasından sonra baş məşqçi postuna Andrey Çernışev gətirilir, Yuran isə onun köməkçisi təyin edilir. Ancaq əsas komandadakı bu işbirliyi cəmi 2 ay çəkir.

Starkovun məşqçilik karyerasında “Bakı”ya kimi ölkəsindən kənarda yeganə çalışdığı yer məhz “Spartak” olub. 56 yaşlı latviyalı mütəxəssis 2004-06-cı illərdə Moskva təmsilçisinin baş məşqçisi postunda işləyib və 2005-ci ildə komandaya Rusiya Premyer Liqasının gümüş medalını qazandırıb. Bundan sonra vətənə dönən məşqçi yenidən “Skonto” və Latviya yığmasına rəhbərlik edib. Millidə fəaliyyətini davam etdirən Starkov ötən qış “Skonto”dan “Bakı”nın “sükanı arxası”na keçdi. Yuran isə cari mövsümün startına az qalmış Zaqatala təmsilçisinin baş məşqçisi təyin olundu.

Qeyd edək ki, Starkov da Yuran kimi hücumçu olub. Pro kateqoriyasına malik latviyalının ən böyük uğuru millini 2004-cü ildə Avropa çempionatının final mərhələsinə çıxarmasıdır.

Mehman SÜLEYMANOV