UEFA nümayəndəsi Ağdama səfər etdi
12.08.2011 - 16:08
UEFA nümayəndəsi Ağdama səfər etdi
UEFA və AFFA nümayəndələri bu gün Ağdam rayonunda səfərdə olublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, futbol mütəxəssisləri bu rayonda uşaq futbolunun vəziyyəti ilə maraqlanıblar.

Qonaqlar uşaqlar arasında daha bacarıqlı azyaşlı idmançıları müəyyən etmək üçün Ağdam Olimpiya İdman Mərkəzinin stadionunda 90 nəfərədək uşaq arasında təlim məşq toplantısı keçirib. Əslən almaniyalı futbol mütəxəssisləri azyaşlılardan ibarət qruplar arasında həyata keçirilən baxış-müsabiqəni şəxsən müşahidə ediblər.

Veteran futbolçu Elbrus Abbasov APA-nın müxbiri ilə söhbəti zamanı bildirib ki, bu səfər eyni zamanda, onun özü tərəfindən irəli sürülmüş Ağdam Uşaq Futbol Məktəbinin yaradılması təşəbbüsü ilə əlaqədar sayıla bilər. Çünki Ağdamda uşaq futbolunun inkişafına dair irəli sürülmüş konkret təkliflər var və bunun üçün müəyyən mənada iş aparılır.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Mingəçevirdə azyaşlı futbol həvəskarları arasında keçirilən baxış-müsabiqədə bir nəfər ağdamlı uşaq milli komandanın azyaşlılar qrupuna üzv seçilib. Bu, 1996-cı il təvəllüdlü Həsən Həsənovdur.

Teymur Zahidoğlu