“Xəzər Lənkəran” milli komandamızın üzvü ilə müqavilə bağladı
12.08.2011 - 16:45
“Xəzər Lənkəran” milli komandamızın üzvü ilə müqavilə bağladı
“Xəzər Lənkəran” daha bir transferini rəsmiləşdirib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç bu gündən “ağ-yaşıllar”ın şərəfini qoruyacaq. 29 yaşlı hücumçu ilə klub arasında 1,5 il müddətinə müqavilə bağlanıb.

Milliyətcə serb olan Subaşiç karyerasına doğulduğu ölkənin “Jeleznik” klubunda başlayıb. Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın “Ostende”, ardından Fransanın “Bove Uaz”, Ukraynanın “Çernomorets” və Rusiyanın “Amkar” klublarının formasını geyinən Subaşiç, 2005-ci ildə Bakının “Neftçi” klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan yığmasının heyətinə cəlb edilib.

O, 2008-ci ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın “Srvena Zvezda” klubuna keçir. Burada bir mövsüm çıxış etdikdən sonra isə futbolçu Çinin “Çançun Yatay”ına transfer olunub. Son mövsümü isə Subaşiç çempionatımızda “Qəbələ”nin heyətində keçirib.