Branimir Subaşiç: “Neftçi” fanatları məndən inciməsin
12.08.2011 - 23:11
Branimir Subaşiç: “Neftçi” fanatları məndən inciməsin
“Klub rəhbərliyi danışdıq. "Xəzər Lənkəran"ının gələcək planları haqda məlumat verildi. Şərtlər məni razı saldı, ona görə də müqavilə imzaladıq. Həqiqətən "Xəzər Lənkəran"a keçdyim üçün şadam. Buradaki işlərimin qaydasında gedəcəyinə inanıram. Komanda üçün uğurlu transfer olacağıma əminəm". Apasport.az saytının xəbərinə görə, bunu millimizin sabiq futbolçusu Branimir Subaşiç deyib.

Dünən “Xəzər Lənkəran”la il yarımlıq müqaviləyə imza atan serb əsilli hücumçu bildirib ki, baş məşqçi Mirça Redniklə görüşə bilməyib: “Komanda Lənkəranda olduğundan baş məşqçi ilə görüşə bilməmişəm. Ancaq transferimin həyata keçməsində Rednikin də böyük rolu var. O, özü məni komandada görmək istəyib. Buna görə də şadam".

Subaşiç bildirib ki, komanda yoldaşları ilə tanışlığı yoxdur: "Düzünü desəm, komandadakı futbolçularla tanışlığım yoxdur. Yalnız yerli futbolçulardan bəzilərini tanıyıram. Bu bir-iki gün ərzində hamı ilə tanış olacağam".

Sabah AZAL-la qarşılaşacaq "Xəzər Lənkəran"ın Subaşiçin xidmətindən istifadə edib-etməyəcəyi maraqla gözlənilir. Subaşiç özünü bu oyuna tam hazır hesab edir: "AZAL-la oyuna çıxıb-çıxmayacağımı dəqiq bilmirəm. Hələ ki, bir söz deməyiblər. Ancaq mən tam hazıram".

Futbolçu, Qyoko Hacıyevskinin komandasına getmədiyi üçün peşman olmadığını da dilə gətirdi: "Hacıyevskinin özü ilə görüşmüşdüm. Məni komandasında görmək istəyirdi. Açığı oradaki şərtlər daha yaxşı idi. Sadəcə, mən Azərbaycanı tanıyıram, burada futbol oynamışam. Məhz bu səbəbdən "Xəzər Lənkəran"ı seçdim. Azərbaycanda özümü daha rahat hiss edirəm".

Hücumçu "Xəzər Lənkəran"ın heyətində oynayaraq milliyə geri dönmək istədiyini də dedi: "Milliyə dönmək istəyirəm. Milli üçün çox darıxmışam. Qollarımı vuraraq Azərbaycan xalqını sevindirmək istəyirəm".

Sonda isə futbolçu "Xəzər Lənkəran" keçdiyi üçün "Neftçi" azarkeşlərinin ondan inciməməklərini xahiş edib: "Biz peşəkar futbolçularıq. Futbolçu həyatı da uzun deyil. Hər an başqa bir kluba keçə bilərik. "Neftçi"nin mənim ürəyimdə başqa yeri var. Eləcə də, "Neftçi" fanatlarının. İnanıram ki, onlar həmişə kimi məni yenə sevəcəklər. Bu keçidə görə məndən inciməzlər. Mən millidə oynayaraq, vuracağım qollarla onları yenə sevindirəcəyəm".
Premyerliqa.az