Acı statistika: “Turan” Lənkəranda qol da vura bilmir
20.08.2011 - 10:50
Acı statistika: “Turan” Lənkəranda qol da vura bilmir
Bu gün Azərbaycan Premyer Liqasının III turunun ilk oyunun iştirakçısı olan “Xəzər Lənkəran”la “Turan”la yubiley matça çıxacaqlar. Apasport.az saytının məlumatına görə, tarixlərində 15-ci dəfə görüşəcək əyalət təmsilçiləri son 7 ildə bir-birinə rəqib olub. Onlar ölkə kubokunda üzləşmədiyindən, yalnız milli çempionatımızda görüşüblər.

“Turan” “Xəzər Lənkəran”ın 7 illik tarixində xüsusi yer tutur. Məsələ ondadır ki, cənub təmsilçisi ilk rəsmi oyununu məhz bu komandaya qarşı keçirib. 2004-cü ilin avqustunda milli çempionatımızda keçirilən həmin görüş Qazaxda keçirilib və lənkəranlılar rəqibi ilə 1:1 hesablı bərabərliklə ilk xalını elə debütdə qazanıb.

Tovuz təmsilçisi üçünsə “Xəzər Lənkəran”la səfər oyunları çox uğursuz alınır. Təsadüfi deyil ki, “Turan”la Lənkəranda arxada qalan 7 oyunda nəinki qalib gəlməyib, qol vurmaqda belə çətinlik çəkib. Komanda cənublulara meydanında cəmi 1 qol vurub ki, bu da 2 il əvvəl legioneri hesabına olub. Söhbət türkiyəli müdafiəçi Muammer Erdoğdunun Lənkəranda 1:1 hesabı ilə nəticələnən oyunun 35-ci dəqiqəsində hesabı açdığı qoldan gedir. Onda keçmiş komandası “Xəzər Lənkəran”ı cəzalandıran Muammer ötən mövsüm bitəndən sonra “Turan”ı “Kəpəz”ə dəyişdiyindən, bu gün oynamayacaq.

Lənkəranda 2 dəfə heç-heçə edən “Turan” qalan 5 oyunda uduzub. Qazaxdakı görüşü də nəzərə alsaq, 3 bərabərliklə nəticələnən oyunlar bunlardır. Oyunların ümumi balansına nəzər salanda da “Xəzər Lənkəran”ın aşkar üstünlüyünü görə bilərik. Belə ki, 14 oyundan 10-da lənkəranlılar, yalnız 1-də tovuzlular qalib gəlib (topların fərqi 25-7 cənubluların xeyrinədir).

Qeyd edək ki, “Xəzər Lənkəran”ın ötən yaydan baş məşqçisi olan rumıniyalı Mirça Rednik “Turan”la ötən mövsüm hər 2 oyunda qalib gəlib. Tovuz klubu isə ilk dəfə Əsgər Abdullayevin rəhbərliyi altında lənkəranlılara qarşı çıxacaq. Ötən mövsüm “Turan”ın əsas qapıçısı olan Kamal Bayramov mövsümlərası fasilədə Lənkəran təmsilçisinə keçdiyindən, sabiq klubuna rəqib olacaq.


“Xəzər Lənkəran”la “Turan” arasında oyunlar

2004/05 mövsümü
“Turan” – “Xəzər Lənkəran” – 1:1
“Xəzər Lənkəran” – “Turan” – 1:0

2005/06 mövsümü
“Turan” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “Turan” – 1:0

2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Turan” – 0:0
“Turan” – “Xəzər Lənkəran” – 2:3

2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Turan” – 2:0
“Turan” – “Xəzər Lənkəran” – 0:4

2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Turan” – 5:0
“Turan” – “Xəzər Lənkəran” – 0:1

2009/10 mövsümü
“Xəzər Lənkəran” – “Turan” – 1:1
“Turan” – “Xəzər Lənkəran” – 1:2

2010/11 mövsümü
“Xəzər Lənkəran” – “Turan” – 2:0
“Turan” – “Xəzər Lənkəran” – 1:2

Mehman SÜLEYMANOV