Tarixi qol və ya Ramazan ayında Ramazan hədiyyəsi
20.08.2011 - 12:04
Tarixi qol və ya Ramazan ayında Ramazan hədiyyəsi
Azərbaycan milli komandasının sabiq futbolçusu Ramazan Abbasov “Rəvan” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi cari mövsümdən şərəfini qoruduğu Bakı təmsilçisinə Premyer Liqamızda ilk xalı qazandırıb. Milli çempionatımızda ilk mövsümünü keçirən “Rəvan” III turda da uduzmağa yaxın idi. Ancaq Ramazan Zaqatalanın “Simurq” klubu ilə səfər oyununun 90+4-cü dəqiqəsində, görüşün bitməsinə saniyələr qalarkən hesabı bərabərləşdirməklə komandasını məğlubiyyətdən xilas edib – 1:1. Debütant yeni futbolçusunun bu tarixi qolu ilə Premyer Liqamızda xal hesabını açır. Ramazan isə adını daşıdığı, müsəlmanlar üçün ən müqəddəs sayılan Ramazan ayında həm özünə, həm də “Rəvan”a yaxşı hədiyyə edir. Çünki futbolçu uzun müddətdir milli çempionatımızda qol vura bilmirdi və bunu hələ “Bakı”nın heyətində oynayarkən, reallaşdırmışdı.

Bir vaxtlar ən perspektivli futbolçularımızdan sayılan, əsas yığmamıza da cəlb olunan Abbasovun son vaxtlar karyerası “qara zolağa” düşüb. Halbuki futbolçu yetirməsi olduğu “Dinamo” “Bakı” adlanandan sonra daha da parladı, onun heyətində ölkə kuboku və çempionluğu qazandı. Ancaq 2007-ci ildə “Neftçi”yə keçməyi üstün tutan Ramazan orada əsas heyətə düşə bilmədi və uğursuzluğu bundan sonra başladı. 1 il sonra yenidən “Bakı”ya qayıdan Abbasov da orada daha çox ehtiyatda qaldı. Yarımmüdafiəçi 2009-cu ilin yayında ona böyük ümidlər bəsləyən baş məşqçi Ağasəlim Mircavadovun dəvəti ilə “Xəzər Lənkəran”a gəlsə də, orada da öz sözünü deyə bilmədi. Təsadüfi deyil ki, Ramazan bu komandada da günlərini daha çox ehtiyatda oyunçular keçirərək, çempionatda qol vurmadı. O, Lənkəran klubunda keçirdiyi 1,5 ildə yeganə qolunu ölkə kubokunda vurub. Bu, I divizion təmsilçisi olan İmişlinin “MKT-Araz”a Lənkəranda 3:1 hesabı ilə qalib gəlib, ¼ finala çıxdıqları oyunda baş verib. Bu görüş ötən ilin dekabrın 8-də keçirilib və göründüyü kimi, Abbasov növbəti rəsmi qolunu 8 aydan artıq gözləməli olur.

Həmin vaxt “Xəzər Lənkəran”ı artıq Mirça Rednik çalışdırırdı və o, hələ mövsüm bitəndən sonra transferə çıxarılan Ramazanı qaytarmaqla ona şans verdi. Ancaq bundan yararlana bilməyən yarımmüdafiəçi qış fasiləsində komandadan birdəfəlik kənarlaşdırılır və “Gəncə”yə üz tutur. Ramazan bu komandada da əsasən sonradan meydana çıxaraq, ümumiyyətlə, qol vurmur. Mövsüm bitəndən sonra “Rəvan”ın dəvətini qəbul edən futbolçu 2 illik fasilədən sonra karyerasını yenidən paytaxtda davam etdirir. O, debütantın heyətində Sloveniyadakı təlim-məşq toplanışındakı son yoxlama oyununda – Serbiyanın “Rad” klubuna 2:0 hesabı ilə qalib gəldikləri görüşdə hesabı açmışdı.

Qeyd edək ki, “Rəvan” Premyer Liqamızda debütə Abbasovun keçmiş komandası, yenidən “Kəpəz” adlanan klubla səfər oyunu ilə başladı. Bakılılar 2:1 hesabı ilə irəlidə olduğu görüşün sonunda Ramazanın keçmiş komanda yoldaşı Ceyhun Sultanovun 2 dəqiqədə vurduğu 2 qolla uduzur – 2:3. Bundan sonra “Neftçi”ni Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edən Bəhmən Həsənovun çalışdırdığı komanda yenə minimal hesabla (0:1) məğlub olur.

Mehman SÜLEYMANOV