Şahin Diniyev Dieqo Maradonaya rəqib olmaq istəmədi
20.08.2011 - 23:08
Şahin Diniyev Dieqo Maradonaya rəqib olmaq istəmədi
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin yenə ölkə xaricində işləmək imkanı olub. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis Dubayda çalışmaq imkanı meydana gəlib.

Bu barədə saytımıza təcrübəli mütəxəssisin özü məlumat verib.

O bildirib ki, gələn dəvəti geri çevirib: "İranın "Rah-Ahan" klubuna keçidim alınmadıqdan sonra mənə daha bir neçə ölkədən dəvət gəlib. Xüsusən də, Rusiyadan və Dubaydan dəvət almışdım. Dubayda işləməkdən imtina etdim. Bunun səbəbləri barədə danışmaq istəmirəm. Çünki mən heç vaxt real olmayan məsələ barədə geniş danışmamışam".

Millidən ayrıldıqdan sonra Rusiya Premyer Liqası təmsilçisi "Terek"də köməkçi məşqçi işləyən Diniyev yenə fəaliyyətinə ara verib. Amma o, yaxın gələcəkdə yeni dəvətlər alacağına şübhə etmədiyini bildirib: "Dəvətlər hər zaman var. Azərbaycandan maraqlanmasalar da, ölkə xaricində mənə çox dəyər verirlər. Bu pafoslu sözlər deyil, həqiqətdir. Proseslər davam edir. Nəticə olmayana qədər mən geniş məlumat verməyəcəyəm"

Qeyd edək ki, dünya futbolunun canlı əfsanəsi argentinalı Dieqo Armando Maradona hazırda Dubayın "Əl-Vasl" klubunu çalışdırır. Diniyev bu dəvəti geri çevirməklə, həm də Maradonaya rəqib olmaq imkanını əldən verib.