Daha bir qalmaqal: AZAL texniki məğlubiyyət tələb edir
21.08.2011 - 18:06
Daha bir qalmaqal: AZAL texniki məğlubiyyət tələb edir
Premyer Liqanın III turunun “Qəbələ” – AZAL matçının təşkili və keçirliməsi ilə bağlı nöqsanlar, oyunun gedişində və oyundan sonra baş verən hadisələr AZAL klubunu narazı salıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi bu səbəbdən AFFA-nın Nizam-İntizam Komitəsinə şikayət məktubu göndərib.

Klubun prezidenti Vaqif Qasımovun imzaladığı məktubda əvvəlcə tikintisi hələ də davam edən “Qəbələ”nin stadionunda çatışmazlıqlara toxunulub: “Hələ matdan öncə PFL-in Texniki-İdman şöbəsinin direktoru Məlik Həsənovla əlaqə saxlayaraq stadionda təhlükəsizlik tədbirlərinin çox aşağı olmasını, azarkeşlərlə meydança arasında arakəsmənin yoxluğunu, üstəlik azarkeşlərin əyləşdiyi yerin çınqıl daşları ilə əhatələnməsini onun nəzərinə çatdırdıq. Heç matçın videoçəkilişini aparmaq üçün kamerlalarımız üçün yer də yox idi. Bundan başqa, paltardəyişmə otağından meydançaya getmək üçün təxminən 5 dəqiqə yol qət etmək lazımdır. Özü də futbolçular azarkeşlərin və rəqib komandanın nümayəndələrinin arasında keçməli olur ki, bu zaman onlar təhqirə məruz qalırlar. “Qəbələ”nin oyunçusu Mahir Şükürovun fasilə zamanı təhqiredici sözlərlə Zohair Benouahiyə hücum çəkərək onu vurmağa cəhd göstərməsi də buna əyani nümunədir. Oyunun gedişi və sonra baş verən hadisələr də iradlarımızın düzgün olduğunu təsdiqlədi. Yeri gəlmişkən, bu meydançanı qəbul edən PFL-in komissiyasının üzvləri müsbət rəy verdiklərinə görə cəzalandırılmalıdır.”

AZAL rəhbərliyi daha sonra “Qəbələ” azarkeşlərinin davranışlarından da narazılıq bildirib: “83-cü dəqiqədə AZAL-ın vurduğu qolu hakim qeydə almadı. Biz bu epizodda hakimin çıxardığı qərarla tam razıyıq və heç bir etirazımız yoxdur. Ancaq bundan sonra azarkeşlərin futbolçularımızı daşa basması və birdən-birə 5 oyunçunu zədələməsi bizdə ciddi narazılıq yaratdı. Hətta atılan daşlardan biri yan xətt hakimi Azər Əsgərovun başına dəydi. Özü də bütün hadisələr AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında baş verdi. Fikrimizcə, oyunun baş hakimi həmin anda oyunu saxlamalı və futbolçuları meydançadan çıxarmalı idi. Çünki AZAL-ın futbolçuları 10 dəqiqəyə yaxın vaxt ərzində qorxu və təhqir altında oynamağa məcbur edildi”.

Sonda klub rəhbərliyi AFFA NİK-ə öz konkret mövqeyini bildirib: “Sizdən xahiş edirik ki, oyun zamanı baş verən neqativ hadisələri ciddi araşdırıb 19.08.2011-ci il tarixdə keçirilən “Qəbələ”-AZAL matçının nəticəsinin ləğvi və “Qəbələ” komandasına texniki məğlubiyyət verilməsi məsələsinə baxasınız”.