714 dəqiqə gözləyən bombardir: Adamiya gəncəlilərin qəniminə çevrilib
22.08.2011 - 08:56
714 dəqiqə gözləyən bombardir: Adamiya gəncəlilərin qəniminə çevrilib
Azərbaycan Premyer Liqasının ötən mövsümünün bombardiri olan Georgi Adamiya susqunluğunu pozub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 30 yaşlı gürcü hücumçusu 714 dəqiqəlik qolsuzluq seriyasına son qoyub. Bu, Premyer Liqamızın III turunda “Kəpəz”ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda reallaşıb. Georgi Gəncədəki matçın 8-ci dəqiqəsində hesabı açmaqla, qələbənin əsasını qoyub. Ondan 5 dəqiqə sonra qol vuran hücumdakı tərəfdaşı Rauf Əliyev də gürcü kimi ötən mövsüm gəncəlilərlə ilk oyunda qol vurmuşdu.

Adamiyanın “Qarabağ”ın Avroliqanın cari mövsümündə də uğurlu çıxışında böyük əməyi olsa da, 6 oyunun heç birində qol vura bilmədi. Ağdamlıların cari mövsümdə ilk oyununu keçirdiyi “İnter”lə ev matçında da fərqlənə bilməyən Georgi komandasının heyətində sonuncu rəsmi qolunu ötən çempionatımızın son turunda vurmuşdu. Bu, ağdamlıların mayın 18-də AZAL-a Şüvəlanda 1:3 hesabı ilə uduzduğu oyunda reallaşmışdı. Həmin oyunda komandasının yeganə qoluna imza atan hücumçu növbəti dəfə fərqlənmək üçün 95 gün gözləməli oldu.

Georginin artıq gəncəlilərin qəniminə çevrildiyini desək, yanılmarıq. Təsadüfi deyil ki, gürcü bu şəhərin təmsilçisi ardıcıl 3-cü oyundur meydanı qolsuz tərk etmir. Özü də Adamiya bunun son 2-ni Nizami Yurdunda gerçəkləşdirib. O, bunadək ötən çempionatda “Gəncə” adlanan komanda ilə fevralın 20-də keçirilən səfər oyununda yeganə qolun müəllifi olaraq, qələbənin əsas memarı oldu. Georgi “Gəncə” ilə ilk dövrədə - sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ev oyununda (3:0) son nöqtəni qoyaraq, komandasına böyük hesablı qələbəsini təmin etdi. Onda gəncəlilər mövsümdə ilk məğlubiyyəti böyük hesablı oldusa, bu dəfə komanda cari çempionatda evdə ilk yenilgisini aldı.

Qeyd edək ki, hazırda ölkəmizdə oynayan legionerlər arasında ən çox qol vuran əcnəbi olan Adamiya çempionatımızda ilk bombardirliyini ötən mövsümdə (18 qol) reallaşdıra bildi.

Mehman SÜLEYMANOV