Sxadadze: Starkova qarşı təhqiramiz ifadələr işlətməmişəm
22.08.2011 - 10:00
Sxadadze: Starkova qarşı təhqiramiz ifadələr işlətməmişəm
“Mən “Bakı”nın baş məşqçisi Aleksandr Starkova qarşı hər hansı bir təhqiramiz ifadələr işlətməmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis klubunun rəsmi saytına açıqlamasında avqustun 20-də başa çatdırılmayan “İnter” - “Bakı” qarşılaşmasından sonra baş vermiş hadisələrə münasibət bildirib.

Onun sözlərinə görə, həmin zaman həmkarına qarşı hər hansı bir təhqiramiz ifadələr işlətməyib: “Bununla bağlı yazılanlar tamamilə yalandır. Mən yalnız rəqib komandanın menecer heyətinə daxil olan klub rəsmisinin qeyri-adekvat davranışına qarşı etirazımı bildirmişəm”.

Sxadadze mətbuatda onun haqqında yazılan materiallardan biri barədə də fikirlərini açıqlayıb: “Adını açıqlamayacağam, qısaca cavab vermək istəyirəm ki, həmin idman saytı hələ uzun müddət xəyallara dalmalı olacaq. Mən komandamı çalışdırmaqda davam edəcəyəm”.

Qeyd edək ki, “İnter” - “Bakı” matçı birincilərin meydanı tərk etməsi səbəbindən başa çatdırılmayıb.