Nelson Spenserin millimizdə oynamasında problem yarandı
22.08.2011 - 12:02
Nelson Spenserin millimizdə oynamasında problem yarandı
Azərbaycan millisinin amerikalı basketbolçusu Nelson Spenser İsveçlə son oyunu buraxmaq təhlükəsi ilə üzləşib. Bu barədə apasport.az saytına açıqlamasında yığmanın baş məşqçisi Elxan Əliyev verib.

Onun sözlərinə görə, İspaniyanın “Qran Kanariya” klubunun şərəfini qoruyan basketbolçu Belarusla səfər görüşündən sonra zədələnib: “Belarusla oyundan sonra Spenser mənə yaxınlaşaraq, dizində problemlər olduğunu söylədi. Məhz bu səbəbdən onun Rumıniya ilə görüşdə oynamağının çətin olacağını başa düşdüm. Lakin sonradan Nelsondan xahiş etdim ki, 2-ci və ya 4-cü olmaq məsələmiz həll olunur. Bu matçda da bizə köməklik et, ardınca zədənin sağalması ilə məşğul ol. Çünki 8 gündən sonra klubu da təlim-məşq toplanışına başlayır. O da nəyi bacarırdısa, etdi. İlk 2 raunddan sonra hesab bərabər idi – 33:33. Onun da köməkliyi sayəsində növbəti 10 dəqiqədə rumınların müdafiəsini darmadağın etdik”.

Əliyev bildirib ki, İsveçlə son matç formal xarakter daşıdığından çox güman Spenser istirahət verəcək: “Bu matçda biz böyük hesabla qalib gəlməliyik. Lakin səfərdə İsveç millisi üzərində belə qələbə heç də asan deyil. Buna görə hər şey oyunun gedişindən asılı olacaq. Amma Spenseri çox güman oynatmayacağam”.

Qeyd edək ki, İsveç-Azərbaycan matçı avqustun 24-də baş tutacaq.