Fariz Nəcəfov: Mən bunu AZAL-a yaraşdırmadım - MÜSAHİBƏ
22.08.2011 - 13:04
Fariz Nəcəfov: Mən bunu AZAL-a yaraşdırmadım - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- AZAL-la son görüşünüz böyük əks-səda doğurdu. Rəqib komanda narazı qaldığı məqamlarla bağlı görüşdən sonra bəyanat yayıb. Həm öz oyununuz, həm də baş verənləri necə dəyərləndirərdiniz?
- Oyunlar zamanı gərginlik olur və bu da çempionata olan marağın göstəricisidir. AZAL-la qarşılaşmalarımız həmişə gərgin keçib və bu dəfə də belə oldu. Artıq matçın 10-cu dəqiqəsində futbolçumuz Mahir Şükürov qırmızı vərəqə alaraq, meydandan çıxarıldı. Bu, öz təsirini göstərdi və 80 dəqiqə azlıqda oynadıq. Komandamız azlıqda qalmasına baxmayaraq, hesabı bərabərləşdirib, xal qazana bildi. Bilirik ki, AZAL oyundan sonra bəyanat yayıb, bizə texniki məğlubiyyət verilməyini tələb edir. Mənim AZAL rəhbərliyinə, baş məşqçisinə böyük hörmətim var. Ancaq bəyanatda dediklərini onlara yaraşdırmadım. Düzdür, meydana kənar əşyalar atılıb və bu, xoşagələn hal deyil. Ancaq o daşlar rəqib futbolçularına dəyməyib. Ən əsası, həmin epizodda hakimin kobud səhv etdiyini və hər şeyin bundan sonra baş verdiyini nəzərə almaq lazımdır. Meydanda xoşagəlməz hallar baş versə də, buna görə nəticənin ləğv olunmasını tələb etmək düzgün deyil.

- AZAL-ın komandanıza texniki məğlubiyyət verilməsi tələbini əsassız sayırsınız?
- Əlbəttə. Bu, əsas vermir ki, texniki məğlubiyyət tələb edəsən. Onu nəzərə almaq lazımdır ki, komandamız oyunun böyük hissəsində azlıqda qalıb. Ancaq bundan istifadə edib, qələbə qazana bilmirlər. Bizim isə 10 nəfərlə olmağımıza baxmayaraq, xüsusilə oyunun sonunda qol imkanlarımız daha çox olur. Əgər 80 dəqiqə azlıqda qalan komandaya qalib gələ bilmirsənsə... AZAL qələbə qazansaydı, bəyanat yaymazdı.

- Deməli, komanda say üstünlüyündən yararlanıb qalib gələ bilmirsə, günahı ilk növbədə özündə axtarmalıdır...
- Bəli, mən də onu deyirəm. Meydançaya kənar əşyalar son 10 dəqiqədə atılıb. Dediklərinə görə, həmin vaxt futbolçuları təzyiq, qorxu içərisində olub. Buna kimi isə 70 dəqiqədə qələbə qazana bilmirsənsə, azlıqda oynayan rəqib səndən çox qol imkanı yaradırsa, həmin son 10 dəqiqəni əldə bayraq tutmaq, bizə məğlubiyyət tələb düzgün deyil. Mən bunu onlara yaraşdırmıram.

- AZAL-la oyunlarımız həqiqətən gərgin mübarizə şəraitində keçir. Son 3 oyun heç-heçə nəticələndiyindən, qalibi müəyyənləşdirmək mümkün olmayıb. Sizcə, bu, gərginlik, intriqa nədən irəli gəlir?
- Bunun səbəbini bilmirəm. Başqa komandalarımız da var, onlarla oyunlarımız da gərgin keçir. Misal üçün, “Qarabağ”la.

- Hər halda, canlı yayımlanan oyunda azarkeşlərin bu hərəkəti, meydançaya daş atmaları xoşagəlməzdir haldır və buna görə AFFA-nın İntizam Komitəsinin qərarına əsasən müəyyən məbləğdə cərimələnəcəksiniz. Gələcəkdə belə halların təkrarlanmamağı üçün hansı tədbirlər görmək fikrindəsiniz?
- Siz Qəbələdə keçirdiyimiz beynəlxalq turnirdə orada olmuşdunuz və cari mövsümdə 2 ilk ev oyunumuzu həmin meydançada keçirmişdik. Çünki ötən mövsüm ot bir neçə yerdən “xəstələnmişdi”. Bunun qarşısını almaq üçün xaricdən dərmanlar, gübrələr alınıb, gətirməli olduq ki, ot bərpa olunsun. Bu, çox çətin oldu. Həmin meydançada ot təzə idi, köhnə olsaydı, oynamaq olardı. Bütün bunları nəzərə alıb AFFA və PFL rəsmiləri ilə danışdıq ki, bizə 2 oyunda müəyyən güzəşt olunsun. Bildiyiniz kimi, meydançanın ətrafı açıqdır. Polislə, güc orqanları ilə danışdıq ki, təhlükəsizlik tədbirləri güclü olsun, sonradan söz-söhbət olmasın. Biz AZAL rəhbərliyi ilə söhbətləşmişdik və gərək onlar da bizi başa düşərdilər. Başqa meydançada oynamağımızın səbəbi əvvəlkinin otunda çıxan problemlə bağlı idi. Çalışdığımız qədər təhlükəsizlik təminatını həyata keçirdik. Ona qalsa, başqa meydançada olsaydı belə, həmin hərəkət təkrarlanacaqdı. Çünki hakim çox kobud səhv etdi. Mən oturduğum yerdən həmin epizodu görəndə, az qaldım meydançaya çıxım. AZAL-ın futbolçusu hamının gözü qabağında əllə qapıya qol vurur, hakim də qolu sayır. Azarkeşlər buna dözmədilər və mənə elə gəlir ki, oyun başqa meydançada da keçirilsəydi, həmin hal olacaqdı. Gələcəkdə azarkeşlərin belə hərəkət etməməyi ilə bağlı fan-kubumuzla söhbətlər aparmışıq. Həmin anda hüquq-mühafizə orqanları bir neçə nəfəri polis şöbəsinə apardı. Ancaq meydançada baş verənlər AZAL-ın hansısa futbolçusuna təsir göstərməyib. Bu hal hakimin səhvi ilə bağlı idi.

- Növbəti ev oyununuzu əvvəlki meydançada keçirəcəksiniz?
- Bəli. Qəbələ azarkeşləri bu günə kimi belə hərəkət etməmişdilər. Bu, 6 ildə ilk belə hal idi və gələcəkdə belə bir şey olmaz.

- Nəticə qazanmaq üçün ən yaxşı imkanlardan biri ev oyunlarında daha çox xal qazanmaqdır. Ancaq öz meydanınızda hər 2 görüşdə xal itirdiniz, yeganə qələbənizi səfərdə qazanmısınız. Bunu nə ilə izah edərdiniz? Ümumiyyətlə, yeniləşən komandanızın oyununu necə qiymətləndirərdiniz?
- Komandamız tam dəyişib və bunu nəzərə almaq lazımdır. Ötən ilki komandamızdan əsər-əlamət yoxdur. İnşallah, bunu davamı gələcək və heyətimizdəki dəyişiklərin nəticəsini görərik. Qış fasiləsində daha bir neçə yeni futbolçu almağımız gözlənilir. Biz Avropada Azərbaycanı layiqli təmsil etmək istəyirik. Bunun üçün heyətlə bağlı işləri indidən görürük ki, sonradan əziyyət çəkməyək. Daha gözləməyək ki, avrokuboklara vəsiqə qazanaq, sonra heyəti gücləndirək. Komandanı tam dəyişəndən sonra heyət formalaşıb və mənə gəlir ki, bunun nəticəsini görəcəyik. Evdəki xal itkilərimizə gəlincə, “Bakı”ya ilə görüşdə qol imkanlarımız oldu və bunu reallaşdırsaydıq, qalib gələ bilərik. AZAL-la oyunda azlıqda qaldıq. Qarşıda bizi marafon gözləyir və inşallah, itirdiyimiz bu xalları bərpa edərik.

- Mahir Şükürovun kobud hərəkəti komandanı çətin vəziyyətə qoydu. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Gərək olmayaydı. Komandada günahı bir nəfərin üzərinə atmaq düzgün olmazdı. 10 nəfər meydanda canını qoydu ki, Mahirin etdiyi səhv nəticəyə təsir göstərməsin. Mahir də cəzasını çəkəcək və komandaya gəlib, hazırlığımızda iştirak edəcək.

- Onun cəzası nə olacaq?
- Buna AFFA-nın İntizam Komitəsi qərar verəcək.

- Bəs klubdaxili cəza?
- Mahirlə söhbətimiz oldu. Klubdaxili cəzası yoxdur.

- Kapitan olduğunu nəzərə alsaq, bu Şükürova yaraşmayan hərəkət idi. Əsas odur ki, gələcəkdə belə hal təkrarlanmasın...
- Əlbəttə. Ancaq ona hansısa cəza verilməyəcək.

- Ola bilərmi ki, bu hərəkətinə görə kapitanlıq əlindən alınsın?
- Yox. Kapitanı da bu vəziyyətdə başa düşmək olar. Mən epizoda dəfələrlə baxmışam. Mahirin dediyinə görə, AZAL-ın futbolçusu Zohair Benouahi onu söyüb. Şükürov da onun arxa kürəyinə toxunmur, başı dəyir. Qırmızı vərəqə yerindədir, onunla işim yoxdur. Ancaq AZAL-ın futbolçusu elə artistlik edib, yerə yıxılması heç də yaxşı hal deyil.

- Futbolçunu klub cəzalandırmayanda, onun arxayınlaşıb, yenidən bu hərəkəti təkrarlanmağından çəkinmirsiniz?
- Mahir məni əmin etdi ki, belə hal bir daha olmayacaq.

- Bəs o, komanda qarşısında üzr istədimi?
- Əlbəttə. Baş məşqçidən də, futbolçulardan üzr istədi. Mənə elə gəlir ki, Mahirin elədiyi hərəkəti unutdurmaq üçün çempionatda oyunu ilə artıqlamağı ilə əvəzini verəcək.

Mehman SÜLEYMANOV