“Diarra “Qəbələ”yə gəlmək fikrindən daşındı”
22.08.2011 - 13:25
“Diarra “Qəbələ”yə gəlmək fikrindən daşındı”
“Qəbələ” şotlandiyalı qapıçı Qrem Smitin keçidini rəsmiləşdirib. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, legionerlə 1 illik müqavilə bağlayıblar.

Ötən şənbə ölkəmizə gələn Smitlə danışıqlarda müqavilə şərtləri razılaşdırıb və rəsmi anlaşma bu gün imzalanıb.

Nəcəfovun sözlərinə görə, “Qəbələ” bununla transfer işlərini yekunlaşdırıb: “Hazırda gündəmimizdə olan, danışıq apardığımız belə bir futbolçu yoxdur. “Partizan”ın seneqallı hücumçusu Lamine Diarraya təklifimizi etdik, klubu ilə də razılaşmışdıq. Futbolçu gözlədi, sonra da gəlmək fikrindən daşındı”.

“Qəbələ” mövsümlərarası fasilədə transferlərindən sonra heyətini xeyli genişləndirib və bir çox futbolçular az oyun praktikası qazanacaq. Nəticədə ehtiyat oyunçuları çox olan komanda Smitin keçidindən sonra gənc qapıçısı Anar Nəzirovu “Turan”a icarəyə verdi. Maraqlıdır, “transfer pəncərəsi”nin bağlanmağına hələ 9 gün qaldığını nəzərə alsaq, bunun davamı gələcəkmi?

Vitse-prezident bunun baş məşqçidən asılı olduğunu söyləyib: “Bu məsələlərə Toni Adams nəzarət edir. Adams bizə hansısa başqa futbolçunu icarəyə verməklə bağlı bizə bir şey deməyib. Başqa klubumuzun bu haqda bizə müraciəti olmayıb. Hansısa futbolçumuzu icarəyə vermək lazım olsa, buna baş məşqçimiz qərar verəcək”.

Mehman SÜLEYMANOV