Bahodir Nasimov: 2-ci mövsüm, 2-ci seriya
22.08.2011 - 15:22
Bahodir Nasimov: 2-ci mövsüm, 2-ci seriya
“Neftçi”nin futbolçusu Azərbaycan Premyer Liqasında keçirdiyi 2-ci mövsümə də uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, Özbəkistan yığmasının 24 yaşlı hücumçusu ardıcıl 2-ci çempionatdır startda qol seriyasını yaradır. Bahodir ötən il 6 tur meydanı qolsuz tərk etmədi. O, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Muğan”a 1, MOİK-ə 2, “Simurq”a 3, ümumilikdə 9 qol vurdu.

Nasimov yubiley – sayca XX olan milli çempionatımıza da qollarla başlayıb. O, artıq 2 oyuna 3 qol vurub. “Neftçi”nin cari mövsümdə debüt oyunu olan “Rəvan”la “Dalğa Arena”dakı səfər görüşündə vurduğu yeganə qolla qələbə qazandıran hücumçu digər debütant “Sumqayıt Şəhər”lə ev oyununda 17 dəqiqəyə (42 və 59-cu dəqiqələr) etdiyi dublla böyük hesablı qələbəni təmin etdi.

Ölkəmizdə 2-ci dublunu reallaşdıran özbək futbolçu “Neftçi”də 15 qolunu ötən il vurdu və uzun müddət bombardirlər siyahısına başçılıq etdi. Ancaq bu il fərqlənə bilməyən Bahodir nəticədə “Qarabağ”dakı gürcü həmkarı Georgi Adamiyanın onu qabaqlayıb, çempionatımızın bombardiri olmağı ilə barışdı.

Bahodir hazırda 3 turdan sonra Premyer Liqamızda bombardirlər siyahısında üç hakimiyyətliyi təşkil edir. Yəni “Gəncə”dən yarımmüdafiəçi Ceyhun Sultanovla “Xəzər Lənkəran”ın nigeriyalı hücumçusu Emeka Opara da onun kimi 3 qol vurub. Ancaq Nasimovun onlardan üstünlüyü 1 oyun az keçirməyidir. Bu da “Neftçi”nin ilk turda “Qarabağ”la ev matçının təxirə salınmağı ilə bağlıdır.

Maraqlıdır ki, Bahodir “Neftçi”də, çempionatımızda ilk qolunu məhz “Qarabağ”la ev oyununda vurub. O, ötən il avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı bərabərləşdirməklə (1:1), komandasını məğlubiyyətdən xilas etmişdi. Püşkə görə, Nasimovun komandası yenə “Qarabağ”la görüşlə start götürməli olsa, bu oyun ağdamlıların Avroliqada çıxışı ilə əlaqədar sıx qrafikə görə qeyri-müəyyən müddətə təxirə salındı.

Mehman SÜLEYMANOV