Elvin Əliyev: Biz artıq 3 xalımızı qazanmışıq
22.08.2011 - 15:38
Elvin Əliyev: Biz artıq 3 xalımızı qazanmışıq
“Nə baş verdiyi ortadadır. Düşünürəm ki, biz artıq 3 xalımızı qazanmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Elvin Əliyev deyib.

Qalmaqallı “İnter” – “Bakı” matçı haqda danışan futbolçu bildirib ki, “bankirlər” meydanı heç bir əsas olmadan tərk ediblər. Məhz buna görə də, “İnter”in cəzalandırılmalı olduğunu və “Bakı”nın aktivinə 3 xalın yazılacağını vurğulayıb: “Onların meydanı tərk etməsi üçün hansısa əsas var idi? Yox idi. Penaltilərə görə narazılıq eləyirlər? Bunu bütün xalq gördü. Birinci epizodda əllə oynamışdılar. İkinci penalti zamanı 45 nömrəli buts futbolçunun sinəsinə iz salıb. Allaha şükür, baş verənlərin hamısı kameralar vasitəsilə çəkilib. Ona görə də bizə 3 xal verilməlidir. Meydanı tərk edən onlardır, üstəlik, heç bir əsasları da yoxdur”.

“Oyunun yenidən keçirilmə ehtimalı yaranarsa, buna reaksiyanız necə olacaq” sualına Əliyev belə cavab verdi: “İnanmıram belə bir qərar verilsin. Çünki qarşı tərəf meydanı özbaşına, səbəb olmadan tərk edib. Əgər oyunun yenidən keçirilməsi barədə qərar verilsə, biz buna əməl edəcəyik”.

“Bakı”nın hələlik cari mövsümdə meydanı qalib tərk etməməsi barədə danışmaq istəməyən müdafiəçi bir qədər gözləməyi məsləhət bilib: “Bizim öz oyun üsulumuz var. Sadəcə, bunu ortaya qoymaq üçün zaman lazımdır. Ondan sonra görək nə deyəcəklər?”