Marius Onofraş: İndi II divizionda oynamaq, bir qədər qəribə görünə bilər
22.08.2011 - 15:51
Marius Onofraş: İndi II divizionda oynamaq, bir qədər qəribə görünə bilər
“Xəzər Lənkəran”ın heyətindən kənarlaşdırılan Marius Onofraş özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin heyətində Avroliqada Təl-Əviv “Makkabi”si ilə hər 2 oyunda meydana çıxan 31 yaşlı hücumçu karyerasını vətəni Rumıniyada davam etdirəcək.

O, doğulub, boya-başa çatdığı İaşi şəhərinin “Kopou” klubu ilə anlaşıb. Onofraş II divizionda mübarizə aparan komanda ilə 1 illik müqaviləyə imza atıb.

1998-2000 və 2004-2006-cı illərdə İaşi “Politexnika”sının şərəfini qoruyan Marius yenidən doğma şəhərinə qayıtdığı üçün özünü xoşbəxt hiss edir: “İndi ikinci divizionda oynamaq bir qədər qəribə görünə bilər. Mən 4 həftə öncə digər komandada – “Xəzər Lənkəran”da oynayırdım. İndi isə “Kopou”dayam. Özümü yaxşı hiss edirəm. Çünki doğma şəhərimin komandasının formasını geyinmək ürəyimcədir. Mən vaxtilə demişdim ki, buraya qayıdacağam. Fikrimcə, bunun vaxtıdır. İstərdim ki, müəyyən oyun səviyyəsinə çatam və vaxtılə olduğu kimi doğma şəhərimin komandasına kömək edim. Rəqabətə davamlı klubu formalaşdırmaq vacibdir”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın Avroliqadakı uğursuzluğundan sonra Onofraşla müqavilə pozularaq, ona azad agent statusu verilmişdi.