Elxan Abdullayev: Düzdü, Zohair Benouahi bir qədər artistlik etmişdi
23.08.2011 - 12:26
Elxan Abdullayev: Düzdü, Zohair Benouahi bir qədər artistlik etmişdi
“Qəbələ” ilə oyundan sonra futbolçular arasında ciddi zədələnən yoxdur. Ancaq psixoloji cəhətdən zərbə alanlar var”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.

“Qəbələ” ilə matçın sonlarında azarkeşlərin meydana daş atmasından sonra paytaxt təmsilçisinin bir neçə futbolçusu yerə yıxılmışdı. Lakin baş məşqçi həmin vaxt hansısa futbolçunun zədə almadığını söyləyib: “Bəzi futbolçularımız çox qorxdular. Əsasən də, legionerlər. Onlarda elə fikir formalaşıb ki, rayonlardakı oyunların əksəriyyətində bu cür hallar yaşanır. Ancaq dedik ki, narahat olmayın, daş atan uşaqlardır”.

Mahir Şükürovun Zohair Benouahi ni vurmasına gəlincə, Abdullayev bildirib ki, futbolda bu cür halların baş verməsi yolverilməzdir: “Belə hallara yol vermək olmaz. Mahir Zohairə toxunmuşdu. Düzdür, Zohair yıxılan zaman bir qədər də artistlik etdi. Ancaq fakt göz qabağındadır”.

Komandasının cari mövsümdəki çıxışı barədə də danışan baş məşqçi “Xəzər Lənkəran” yenilgisindən narazıdır: “Həmin oyunda uduzmamalı idik. Bu matçı çıxsaq, nəticələr pis deyil. Komanda sabit çıxış edir”.