“Anji” sahibindən Eto’Oya dünya futbolunda görünməmiş güzəşt
23.08.2011 - 12:48
“Anji” sahibindən Eto’Oya dünya futbolunda görünməmiş güzəşt
Məşhur kamerunlu futbolçu Samuel Eto’O-nun Rusiyanın “Anji” klubu ilə bağlayacağı müqavilənin bəzi şərtləri məlum olub. Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”inin 30 yaşlı hücumçusu Mahaçqala təmsilçisinə keçəcəyi halda, komandanın sahibi Süleyman Kərimov tərəfindən son model “Ferrari” markalı avtomobil hədiyyə alacaq.

Ancaq ən maraqlısı odur ki, Samuel “Anji”nin məşqlərində iştirak etməyib, yalnız oyunlara gələ bilər. Yəni, Kərimov belə məşhur legionerin transferinin qarşılığında ona dünya futbolunda görünməmiş güzəşti etməyə hazırdır.

Eto’O yaşamaq üçün Milan şəhərində qalmaq istəsə, dağıstanlı iş adamı futbolçunun şəxsi məşqçisinin xərclərini ödəməyi boynuna götürür. O, bütün günü kamerunlu ilə işləyəcək. Samuel Milandan Rusiyaya oyunlara gələcək və “Anji”nin matçı bitən kimi geri qayıdacaq.

Qeyd edək ki, Kamerun yığmasının kapitanını keçidi ilə bağlı danışıqlar yekunlaşıb və transfer bu günlərdə rəsmiləşəcək.