Mahir Şükürova ağır cəza, “Qəbələ”yə ciddi xəbərdarlıq
23.08.2011 - 13:34
Mahir Şükürova ağır cəza, “Qəbələ”yə ciddi xəbərdarlıq
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda Premyer Liqanın III turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

AZAL matçın 11-ci dəqiqəsində “Qəbələ”nin kapitanı Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzaya məruz qalıb, komandası isə 4 min manat cərimə edilib.

Matçın 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Kristian Ruiz əllə topu “Qəbələ”nin qapısından keçirdikdən sonra (hakim qolu qeydə almamışdır) yerli azarkeşlər meydançaya kənar əşya (daş) atıblar. AZAL rəhbərliyi baş vermiş hadisə ilə bağlı İntizam Komitəsinə müraciətində oyunun nəticəsinin ləğv edilməsini və “Qəbələ” klubuna texniki məğlubiyyət verilməsini istəmişdi.

Bunları nəzər alan İK müvafiq qərarlar çıxarıb. Belə ki, meydançaya kənar əşyalar atdığı üçün klub daha 2 min manat cərimə ödəyəcək. “Qəbələ” Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görməlidir. Əks halda, analoji hadisənin təkrarlanacağı təqdirdə, kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.