“Heç kim gözləmirdi ki, startda birdən-birə 5 futbolçu itirək”
24.08.2011 - 14:47
“Heç kim gözləmirdi ki, startda birdən-birə 5 futbolçu itirək”
“Prezidentin gəlməsini gözləyirik. Yeni transferlər mütləq olmalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib.

Yeni mövsümə qələbə ilə başlayan, amma son 2 turda uduzan Gəncə təmsilçisinin heyətində zədəli futbolçular çoxluq təşkil edir ki, bu da məşqçilər korpusunun narahatçılığına səbəb olub.

Maraqlıdır ki, zədəli futbolçuların hamısı arxa xətt oyunçularıdır. Məhz bu səbəbdən Allahverdiyev heyəti gücləndirməyin zəruri olduğunu vurğulayıb.

“Müdafiə xəttində yer alan 5 futbolçumuz “Qarabağ”la oyunda yox idi. Yarımmüdafiəçiləri arxa xətdə oynadırdım. Hələ cəmi 3 tur arxada qalıb. Çempionat uzun marafondur. Necə olacağını heç kim indidən deyə bilməz” – deyə, Allahverdiyev bildirib.

Hazırlıq zamanı analoji problemlə üzləşəcəklərini gözləməyən baş məşqçi əvəzedici komandadan bir neçə oyunçunu əsas heyətə cəlb etdiklərini, amma bunun çıxış yolu olmadığını söyləyib: “Onları 90 dəqiqə oynada bilmərik. Hər matçda 5-10 dəqiqə şans verməliyik ki, bişsinlər”.

Klub rəhbəri ilə söhbətdən sonra məsələlərə aydınlıq gətiriləcəyini burğulayan Allahverdiyev əsasən müdafiə xəttini gücləndirmək istəyir: “Prezidentlə söhbətdən sonra bu məsələyə aydınlıq gətiriləcək. Çempionatın əvvəlində belə halla rastlaşmağımız yaxşı olmadı. Həm də yaxşı toplanış keçə bilmədik.

Transfer edəcəyimiz futbolçuları yoxlamaq üçün vaxtımız yoxdur. Adətən oyunçuya hazırlıq matçlarında baxırlar. Heç kim gözləmirdi ki, startda birdən-birə 5 futbolçu itirək. Hamısı da arxa xətt oyunçularıdır”.