Emin Ağayev Azərbaycan çempionunu transfer etdi - FOTO
25.08.2011 - 14:49
Emin Ağayev Azərbaycan çempionunu transfer etdi - FOTO
Azərbaycanlı Emin Ağayevin baş məşqçisi olduğu Rusiyanın “Daqdizel” klubu yeni transferlər edib. Apasport.az saytının məlumatına görə, onlar arasında ölkəmizdə 3 klubda oynamış təcrübəli futbolçu Əliyar İsmayılov var. Dağıstan futbol məktəbinin 35 yaşlı yetirməsi 3 müxtəlif vaxtda “Turan”, “Qarabağ” və “İnter”də oynayıb. Ancaq Əliyar daha çox “bankirlər”in heyətində çıxışı ilə tanınır. O, 5 il şərəfini qoruduğu “İnter”in heyətində 2008-ci ildə Azərbaycan çempionluğunu qazanıb.

İsmayılov futbolda ilk addımlarını “Anji”də atıb və Ağayev həmin vaxt onunla komanda yoldaşı olub. İndi rusiyalı həmyerlimizin rəhbərliyi altında çıxış edəcək. Əliyar 2010-cu ildə “İnter”dən gedəndən sonra Rusiya çempionatının II liqasında “Bioloq” klubunda oynayıb və yenidən II liqada çıxış edəcək. Sadəcə, fərq ondadır ki, doğulub-boya başa çatdığı Dağıstana qayıdan təcrübəli futbolçu bu dəfə Dərbənd təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Dağıstanın Roberto Karlosu” ləqəbini alan Əliyar məşhur braziliyalı həmkarı kimi solaxaydır, sol cinahda oynayır.