Deyvidas Çesnauskis: “Bakı”da oyun təcrübəsi çatmır
26.08.2011 - 11:56
Deyvidas Çesnauskis: “Bakı”da oyun təcrübəsi çatmır
“Növbəti qarşılaşma bizim üçün asan olmayacaq. “Simurq”la oyun göstərdi ki, çempionatda asan rəqib yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın litvalı legioneri Deyvidas Çesnauskis deyib.

Yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında avqustun 27-də “Kəpəz”lə oyunlara ciddi yanaşdıqlarını deyib: “Kəpəz”lə görüşə də qələbə üçün çıxacağıq və hədəfimiz 3 xalı qazanmaqdır. 100 faizlik güclə oynamaq lazımdır ki, nəticə qazana biləsən. Burada əsas problem bir çox qarşılaşmaların süni meydanlarda keçirilməsidir. Bu tip meydanlarda oynamaq problemlər yaradır”.

Litva yığmasının da şərəfini qoruyan Çesnauskis Bakıdakı həyata tez öyrəşdiyini də bildirib: “Uzun müddət legioner həyatı yaşadığımdan bura da öyrəşmək çətin olmadı. Mənim üçün hər bir şərait yaradılıb və hər şey qaydasındadır. Yalnız komandada bir çox yeni simalar var və bu futbolçuların tam uyğunlaşması zaman tələb edir. Heyət yenidir və komandada oyun təcrübəsi çatmır. Oyundan-oyuna daha güclü “Bakı” görəcəksiniz”.

Qeyd edək ki, “Bakı” – “Kəpəz” matçı saat 18:00-da start götürəcək.