Pavel Doroşev: Biz futbolçular özümüzü ən yaxşı sayırıq
26.08.2011 - 17:09
Pavel Doroşev: Biz futbolçular özümüzü ən yaxşı sayırıq
“Milli komandaya çağırılmağım mənim üçün çox gözlənilməz oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin latviyalı qapıçısı Pavel Doroşev deyib.

31 yaşlı legioner ölkəmizdə oynadığı 3 il ərzində ilk dəfə yığmasına çağırıldı. Özü də rəsmi oyunlara. Yoldaşlıq görüşlərində sınanmağı arzulayan Doroşev Avro-2012-in seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Gürcüstanla səfər, 4 gün sonra Yunanıstanla ev oyuna dəvət alıb.

Bunu reallaşdıran isə “Bakı” ilə yanaşı, Latviya yığmasını çalışdıran Aleksandr Starkovdur ki, qapıçı dəvətə görə təcrübəli mütəxəssisə minnətdarlıq edir: “Əvvəllər yığmada oynamağa hazır deyildim. Ancaq indi belə deyil. Starkov mənə zəng edib, hazır olub-olmamağımı soruşdu. Təbii ki, hazır olduğumu dedim. Dəvətə görə, təəccübləndim. Milliyə hansı futbolçunu çağırmağı baş məşqçi həll edir. Lazım bildiyi ən yaxşı futbolçuları seçir. Bilirsiniz, biz futbolçular özümüzü ən yaxşı sayırıq. Bu, futbolçunun psixologiyasıdır. Ancaq ən yaxşıları baş məşqçi müəyyənləşdirir. O, sadəcə, şans verir və sən də bundan maksimum istifadə etməlisən”.

Starkovun bu ildən ölkəmizdə çalışması Doroşevin xeyrinə oldu və onun nəticəsini gördü: “Starkov uzaqgörən məşqçidir, ilk növbədə futbolçunun göstəricilərinə, nəticələrinə baxıb qərar verir. Onun Azərbaycana gəlib, işləməyi müsbət bir addımdır və bu, mənə yığma karyeram baxımından yaxşı oldu. Mən burda onun klubuna qarşı oynayıram və çıxışımı yaxından izləmək, qərar vermək imkanına malikdir. Starkovun mənə şans verməsini istəyirdim və bu, imkan əlimə düşdü”.

Pavel “Qəbələ”də xeyli müddət “1 nömrə” olmasını əldən vermirsə, yığmada əsas qapıçıya çevrilməyi çətin olacaq. Çünki Starkovun millidə əsas güvəndiyi qapıçı Andrey Vanin İsveçrədə sabit oyunu ilə seçilir.

Elə Doroşev də həmkarının güclü olması ilə razılaşıb: “Syon”da oynayan Vanin çox yaxşı qapıçısıdır. Uzun müddətdir yığmanın əsas qapıçısıdır və buna layiqdir. Bu mənada mənə ilk vaxtlar çətin olacaq. Ancaq əsas odur ki, artıq yığmanın qapıları mənim üçün açıqdır. Starkovun dəvəti irəliyə doğru bir addımdır. Nəhayət, Azərbaycanda oynadığım müddətdə yığmaya çağırıldım. Buna qədər milliyə çağırılsam da, debüt etməmişəm, 2-ci, 3-cü qapıçı olmuşam. İndi əsas heyətə düşməyim çətin olsa da, tədricən buna nail ola bilərəm. Milliyə yenə çağırılıb, möhkəmlənməyim vacibdir. Bunun üçün hər oyun, hər gün, hər saat məşqlərdə özümü sübut etməliyəm. Vaxtı gələndə, yığmada əsas heyətə düşmək uğrunda rəqabətə girişə bilərəm”.

Mehman SÜLEYMANOV