Höccət Hacıyev: Mütəxəssislər çıxış yolu axtarırlar
26.08.2011 - 19:15
Höccət Hacıyev: Mütəxəssislər çıxış yolu axtarırlar
“Havaların isti keçməsi nəticəsində stadionun qazonu yandı. Əsas problem odur ki, bura əkilən toxum növü istiyə dözümlü deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.

Hər il yay fəslində ölkənin ən yaxşı arenalarından olan Lənkəran şəhər stadionunun qazonunda problem yaranır. Hətta bu üzdən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan Azərbaycan – Qazaxıstan matçı Lənkəranda deyil, paytaxtda baş tutacaq.

Hacıyev bunun baş verməsini toxum növü ilə əlaqələndirib: “Bizdə yay fəslində həm rütubətli, həm də isti hava hökm sürür. Ona görə də il ərzində stadiona iki cür – istiyə və soyuğa davamlı toxum səpilməlidir. Hər kəs görür ki, qışda hansısa problem yaranmır. Amma yayda, xüsusilə, iyul və avqust aylarında qazon bərbad vəziyyətə düşür”.

Stadion rəhbəri ildə 2 dəfə toxum səpmənim mümkün olmadığını də vurğulayıb: “Gərək ildə 2 dəfə toxum səpilsin. Qışda meydança yaxşı vəziyyətdə olduğuna görə, əkməyə ehtiyac olmur. Həm də çempionat oyunları getdiyindən, bunu edə bilmirik. Çünki klubun oyunları da keçirilməlidir. İndi mütəxəssislər çıxış yolu axtarırlar”.

Hacıyevin sözlərinə görə, artıq stadiona yeni toxum növü əkilib: “Hollandiyadan və Danimarkadan gətirilmiş toxum növü səpilib. Bu işə Bolqarıstandan dəvət etdiyimiz mütəxəssis rəhbərlik edir. Stadionun işçiləri də daim onun yanındadırlar”.