Parks milli komandada təəccüblə qarşılandı
27.08.2011 - 11:11
Parks milli komandada təəccüblə qarşılandı
Kosta-Rika millisinin qarşıdakı yoxlama oyunları üçün açıqlanan heyəti böyük əks-səda yaradıb. Apasport.az saytının məlumatına görə, “Bakı”nın futbolçusu Uinston Parksın Azərbaycanda oynadıqdan sonra ilk dəfə yığmaya çağırılması ölkədə təəccüblə qarşılanıb.

Mərkəzi amerikalı həmkarlarımız argentinalı Rikardo Volpenin baş məşqçi postundan ayrılmasından sonra bu vəzifəni müvəqqəti icra edən Ronald Qonsales ciddi dəyişikliklərə ehtiyac duymaqla, kosta-rikalıları az qala şoka salıb.

Həmkarlarımızın fikrincə, mütəxəssisin ən böyük sürprizi ABŞ klublarında çıxış edən Maykl Umana, Roy Miller və Rodni Uollasın, həmçinin Parksın müəyyən fasilədən sonra yenidən komandaya çağırılmasıdır. Onlarla yanaşı, “Gənclərbirliyi”nin (Türkiyə) formasını geyinən Rendall Azofeyfa da uzun fasilədən sonra yığmaya qaytarılıb.

Heyətdə yeni hücumçu olan Parksın çağırıldığı matçlara yığmanın ən “bərkgedən” ön xətt oyunçuları dəvət almayıb. Bunlar İngiltərə “Arsenal”ının hücumçusu Joel Kempbell və “Hollandiya “Tvente”sinin üzvü Brayan Ruisdir.

Qeyd edək ki, sentyabrın 2-də ABŞ, 6-da Ekvadorla yoldaşlıq oyunu keçirəcək Kosta-Rika yığması avqustun 31-də Los-Ancelesdə hazırlıqlara başlayacaq.