“Kəpəz” bütün həsrətlərə son qoydu
28.08.2011 - 11:50
“Kəpəz” bütün həsrətlərə son qoydu
Premyer Liqanın IV turunun “Bakı” ilə səfər oyununda rəqibini 3:0 hesabı ilə darmadağın edən “Kəpəz” bu komanda ilə qarşılaşmalardakı uğursuz seriyalarına son qoyub. Apasport.az saytının məlumatına görə, Mehman Allahverdiyevin yetirmələri 10 ildən sonra rəqibinə qalib gəlib. Gəncəlilər sonuncu dəfə rəqibi hələ “Dinamo” adlandığı vaxt onları yenmişdi. Bu, 3542 gün əvvəl 2001-ci il dekabrın 15-də gerçəkləşib. Həmin vaxt “Kəpəz” 4:2 hesabına sevinib.

Qərblilərin son səfər qələbəsi isə elə həmin – 2001/02 mövsümünün startında baş verib. 3618 gün öncə, 2001-ci il sentyabrın 30-da Bakıya səfər edən “Kəpəz” 3:2 hesabı ilə qalib gəlmişdi. Gəncəlilərin “Bakı” üzərində son böyük hesablı qələbəsi isə daha əvvələ təsadüf edir. Bu, hələ nəinki “Bakı”, hətta “”Dinamo”nun olmadığı vaxtda gerçəkləşib. Klubun sələfi olan “Polis Akademiyası” ilə 1996/97 mövsümündəki hər 2 matç indiki kimi 3:0 hesabı ilə bitmişdi. Təbii ki, Mehman Allahverdiyevin yetirmələrinin xeyrinə. Son darmadağında Bakıda baş vermişdi. Bu, 5285 gün əvvəl 1997-ci il martın 8-də yaşanıb.